11 C
Baku
Wednesday, December 11, 2024

R.T.Ərdoğan: “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini Orta Asiyaya qədər uzada bilərik”

“Bu gün koronavirus pandemiyasının yayılması ilə beynəlxalq böhranla üzləşmişik. Bu isə ölkəmiz arasındakı ticarətə mənfi təsir göstərir.

Bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Nəqliyyat, gömrük kimi sahələrdə praktiki həllər həyata keçirməliyik. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini Orta Asiyaya qədər uzada bilərik. Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün qurulan bu yolun Orta Asiyaya qədər uzadılması mümkündür. BTQ ilə gündəlik 3 500 ton yük daşınmasına çalışırıq. Bu mənada üzv ölkələrdən sürücülər üçün vizanın, həmçinin daxilolma məbləğində və digər məsələlərdə işin asanlaşdırılmasını gözləyirəm”, – o bildirib.

Xatırladaq ki, BTQ 2017-ci ilin oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir.

BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

©Report

Son xəbərlər
Digər xəbərlər