Nazirlər Kabineti “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nda dəyişikliklər edib.
Banker.az xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.
Qərara əsasən, xüsusi təyinatlı telekommunikasiya şəbəkələri qurularkən, onların həm fövqəladə vəziyyətdə və bundan sonra həm də hərbi vəziyyətdə dayanıqlı işləmələri üçün ehtiyat hissələr nəzərdə tutulmalıdır.
Eyni zamanda, bundan sonra fövqəladə vəziyyətlərdə rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara, hərbi vəziyyətlərdə də riayət olunacaq.
Həmçinin telekommunikasiya operatorları, sülh dövründə əməliyyat şəraitinin mürəkkəbləşdiyi halda və fövqəladə vəziyyətdə, eləcə də bundan sonra hərbi vəziyyətdə xüsusi əhəmiyyətli tədbirlərin və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə dövlət hakimiyyəti orqanlarının müraciəti əsasında əlavə telekommunikasiya kanallarını və birbaşa xətləri müvəqqəti istifadə üçün müvafiq qaydada ayrılacaqlar.