Deputat vəsiqəsini girov qoymaqla 300 min dollar borc götürən Rafael Cəbrayılov mandatdan imtina ilə bağlı Milli Məclisə müraciət edib.
Spiker Oqtay Əsədov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıb ki, deputat Rafael Cəbrayılovun mandatından imtina etməsinə dair sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq, Mərkəzi Seçki Komissiyasına göndərilsin.
Maraqlıdır, qanunvericilik deputatlıq fəaliyyətinə xitam verildikdən sonra R.Cəbrayılova hansı imtiyazlardan istifadə haqqını tanıyır?
Hüquqşünas, Konstitusiya Araşdırmaları Mərkəzinin Prezidenti Əliməmməd Nuriyev mövzu ilə bağlı bildirib ki, Rəfael Cəbrayılov mövcud siyasət üçün ən doğru qərar verib:
“Onun deputat mandatından imtina etməsi istefa mədəniyyətinin bir göstəricisidir. Mərkəzi Seçki Komissiyası mandatına xitam verdikdən sonra Rafael Cəbrayılov deputatların istifadə etdiyi hansısa imtiyaz və səlahiyyətlərdən istifadə edə bilməz”.
Hüquqşünas deyib ki, qanunvericiliyə görə, sdı çəkilən vətəndaş pensiya yaşını tamamlayanda – 65 yaşında deputatlıq fəaliyyətinə görə, pensiyaya çıxa biləcək:
“Çünki o, üçüncü çağırışdan bəri Milli Məclisin deputatıdır. Ona görə də deputatlığa görə pensiya almaq hüququnu itirmir”.
1958-ci il təvəllüdlü Rafael Cəbrayılovun hazırda 61 yaşı var.
Qeyd edək ki, Rafael Cəbrayılov deputat vəsiqəsini 300 min manat borc qarşılığında girov qoyması ilə gündəmə gəlib.
R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.
Xatırladaq ki, pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir.