81 yaşlı Ramiz Mehdiyev vəzifəsindən azad edildi – SƏRƏNCAM

0

Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

Bu barədə Banker.az Prezident İlham Əliyevin bu gün, 23 oktyabr tarixində imzaladığı sərəncama istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub.

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Xəzərneftdonanma” İdarəsində işləyib.

1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.

1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.

1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.

1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub.

1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.

1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib.

1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub.

1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub.

1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib.

4 fevral 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri vəzifəsində işləyib.

7 fevral 1995-ci ildən indiyədək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəridir. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı.

2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.