15 C
Baku
Saturday, April 20, 2024

Ray Dalio: “Motivasiyası təkcə maaş olan işçilərdən güclü komanda yaratmaq olmaz”

Bridgewater fondunun qurucusu, milyarder və “investisiya sahəsində Steve Jobs” adını qazanmış Ray Dalio, öz idarə sirlərini bölüşərək işçilərdə hansı keyfiyyətləri axtardığını və niyə kompüterlərə etibar etmədiyini söylədi. 

Ray Dalio kimdir?

Caz musiqiçinin ailəsində böyüyən Rey Dalio, üç yüz dollar pulu Northeast Airlines-ın səhmlərinə xərcləyərək yeniyetmə olduğu dövrdən bəri investisiya etməyə başladı. Harvard Business School-da magistr dərəcəsini aldıqdan sonra bir müddət ərzində Nyu-York birjasında işləri, 1975-ci ildə isə səhmlərin idarə olunması üsullarının tətbiqi ilə məşğul olan Bridgewater Associates şirkətini qurdu. İndi Bridgewater dünyanın ən böyük “hedge” fondlarından biridir, Dalio isə Forbes-un ilk yüzlüyünə daxildir. Şirkətin idarə etdiyi səhmlər 160 milyard dollar dəyərində qiymətləndirilir (2017-ci il), Dalio-nun öz sərvəti isə 18 milyard dollar təşkil edir. Amerika mediasında “investisiya sahəsində Steve Jobs” adını qazanan 70 yaşlı milyarder həmçinin xeyriyyəçi işi ilə də məşhur olmuşdur. 

 – Cənab Dalio, uğur qazanmağınıza kömək edən əsas keyfiyyətlər hansılardır?

– Maraq, cəsarət, sərgüzəşt. Həyatımda olan hər şeyi biliklərim sayəsində deyil, bilmədiyim şeylərlə işləmək bacarığım sayəsində qazanmışam. Mən nəzəriyyələr  qurmağı və sonra onları həyata keçirməyi sevirəm. Eyni zamanda, səhv etməkdən qorxuram və bu mənim digər insanlardan kömək istəməyimə səbəb olur. 

– Siz çox zənginsiniz. Pul sizin üçün nə deməkdir?

– Pul ömrüm boyu oynadığım oyunda təsadüfi olaraq əldə etdiyim bir şey idi. Mən yenilikləri sevirəm. On iki yaşım olanda birjada “oynamağa” başladım. Bəli, səhmlərin alqı-satqısı da bir oyundur. Bu, şahmata “aşiq olmaq” kimidir. İyirmi yaşımda başa düşdüm ki, muzdlu işçi olmaq istəmirəm və pul mənim üçün seçim etmək azadlığı demək idi. Ailə qurandan sonra, pul onlar üçün təhlükəsizliyin qarantı rolunu oynamağa başladı. Bir az sonra pul digər insanlara təsir etmək fürsətinə çevrildi. İndiyə qədər pulun mənə verə biləcəyi ən vacib şey budur. Mən bahalı əşyaları sevənlərdən deyiləm və həmişə sərvətin məni məhv edə biləcəyindən qorxurdum. Valideynlərim çox varlı deyildilər və təvazökar uşaqlıq mənə həyatda ən vacib şeyləri – insanlar və ailə ilə münasibətlərə dəyər verməyi öyrətdi. Çox pul qazandığımı inkar etməyəcəyəm və indi onların bir qismini cəmiyyətə kömək üçün xərcləyə bilərəm. 2011-ci ildə “Bağışlama andı” nı verdim və sərvətimin ən az yarısını xeyriyyəçiliyə verəcəyimi vəd etdim. Filantropiya insana misilsiz zövq gətirir.  

– Həyatın sizə öyrətdiyi ən vacib dərsləri deyə bilərsiniz?

– Budur çıxardığım iki düstur. Birincisi: “Müvəffəqiyyətin açarı gerçəkliyin nə olduğunu başa düşərək, bu reallığı necə məğlub edəcəyinizi bilmək və bunun üçün kifayət qədər cəsarətli olmaq”. Həyatda hər kəsin öz məqsədləri var, lakin onlara nail olmaq üçün əvvəlcə nəyin vacib olub-olmadığını aydın şəkildə görmək üçün prinsipləriniz olmalıdır. Bununla yanaşı, prinsipləriniz real və işlək olmalıdır. İkincisi: “Ağrı və onun haqda düşünmək tərəqqiyə bərabərdir”. Ağrı yol göstərir: əgər nəyi yanlış etdiyinizi başa düşüb problemi həll edə bilirsinizsə, doğru istiqamətdə inkişaf edirsiniz. 

– Kitabınızda yazırsınız: “Doğru yerdə doğru insan – uğur qazanmağın açarıdır”. İşçiləri necə işə götürürsünüz, hansı keyfiyyətlərə diqqət yetirirsiniz?

– Hər bir işçi üç “meyar” üzrə qiymətləndirilir: onun dəyərləri, qabiliyyəti və bacarıqları. Dəyərlər – insanın həyatda ən vacib hesab etdiyi şeydir. Qabiliyyət – düşüncə tərzinin xarakterik cəhətidir: məsələn, kimsə yaradıcıdır, kimsə səliqəlidir, kiminsə isə riyaziyyatdan başı çıxır. Təbiətin bizə verdiyi qabiliyyət insandan insana dəyişir. Bacarıqlar – öyrənə biləcəyiniz şeydir: məsələn, proqramlaşdırma, xarici dil, jurnalistikanın əsasları. Mənim üçün birinci yerdə insanın dəyərləri, ikinci yerdə qabiliyyəti, üçüncü yerdə isə bacarıqları durur. 

– Niyə dəyərlər bu qədər vacibdir?

– Hər hansısa insanı işə götürərkən, onun nəzarət olmadıqda necə davranacağını bilməyiniz vacibdir. Rəhbərin və işçilərin hərəkət etdiyi istiqamət eyni olmalıdır. Çox vaxt biznes döyüşə bənzəyir, döyüşdə isə bacarıq və qabiliyyət insanın prinsipləri və xarakter gücü qədər vacib deyil. Şəxslərarası münasibətlər ortaq dəyərlər üzərində qurulur və rəhbər üçün ən dəyərli şey insanlarla qurduğu dərin, səmimi münasibətlərdir. Bir işçi sadəcə maaş almaq üçün işləyirsə, siz ona avadanlıq kimi yanaşırsınız, o da özünü böyük maşında kiçik hissəcik kimi qəbul edir. Maaş üçün işləyənlərdən güclü komanda yaratmaq olmur. Bundan əlavə, hədəflərinizə çatmaq üçün insanlarla işləməkdən sevinc hissini duymalısınız. İş – həyatın böyük bir hissəsidir. Həyatınızın bu hissəsini kimlə keçirmək istəyirsiniz? Yəqin ki, ailəniz və ya dostlarınız kimi davrandığınız insanlarla. Dəyərlərinə hörmət etmədiyiniz insanlara həyatı boyu dözə bilməyəcəksiniz. 

-Biznes kitabların müəllifləri bizə özünü dinləməyi tövsiyə edirlər. Siz isə eqonu dinləməyin pis olduğunu yazırsınız. Niyə?

– Rəhbər ortaya qoyduğu sualların cavabını almalıdır, haradan olursa-olsun. Eqo doğru qərar verməyə mane olur. 

Bridgewater Associates-də qərar qəbuletmə prosesi necə qurulub?

– Şirkətimizdə ideyaların meritokratiyası hökm sürür – bu, ən yaxşı ideyaların qalib olduğu bir sistemdir. Düzdür, mürəkkəbdir və mən sizə onun mahiyyətini başa salmağa çalışacağam. Bəzi şirkətlərdə avtokratiya var, yəni bütün qərarlar rəhbər tərəfindən qəbul edilir, digərləri isə bu qərarlara tabe olur. Şirkətlətin bir qismində demokratiya hökm sürür: hamının bir səs hüququ var və qərarlar səs çoxluğu ilə qəbul edilir. Məncə, hər iki sistem pisdir. Avtokratiya bütün yaxşı ideyaların rəhbərin ağlında yarandığını ifadə edir və bu, bildiyimiz kimi, həmişə belə deyil. Demokratiya da pis sistemdir: o, hər bir insanlın qərar verə biləcəyini nəzərdə tutur – həqiqətə uyğun deyil. 

Bridgewater Associates-də biz hər bir işçinin müxtəlif mövzularda düzgün qərar qəbul etmək qabiliyyətini qiymətləndiririk. Başqalarından daha tez-tez yaxşı fikirlər ortaya qoyan işçilər daha yüksək səs çəkisi əldə edirlər. Nəticədə, səs vermə zamanı daha istedadlı olan işçilərin rəyi qərar qəbul edilməsinə daha çox təsir göstərəcəkdir. Buna baxmayaraq, yenə də son qərar rəhbər tərəfindən qəbul edilir. 

– İşçiləriniz sizi tənqid edə bilərlərmi? 

– Onları bu işə təşviq edirəm! Məhsuldar işin əsasında insanlarla yaxşı ünsiyyət durur. Tənqidləri yatırmaqla sizə qarşı olan inciklikləri artırmış olursunuz və sonra bütün bunlar üsyanla nəticələnəcək. Eyni zamanda, tənqidə qulaq asmasanız, şirkətdə hansı problemlərin olduğunu bilməyəcəksiniz. Unutmayın ki, bütün çətinlikləri vaxtında görmək və mümkün qədər tez aradam qaldırmaq lazımdır. 

– Özünüzü “radikal şəffaflığın” tərəfdarı adlandırırsınız: menecerlərin gizli görüşləri ilə mübarizə aparırsınız. Sizcə, niyə şəffaflıq vacibdir?

Çünki şəffaflıq həqiqətdə nəyin baş verdiyini və insanların bu haqda nə düşündüyünü başa düşməyə kömək edir. Şəffaflıq etimadın əsasını təşkil edir: insan özü nəticə çıxarır və rəhbərliyin dediyi sözlərə kor-koranə etibar edib qərar qəbul etmir. 

– Yaxşı liderlik dedikdə, nə başa düşürsünüz? Bir rəhbər olaraq biznesin inkişafı üçün iş prosesi necə qurulmalıdır deyə bilərsiniz?

Yaxşı lider olmaq insanları özləri getmək istədikləri yerə aparmaq deməkdir. Siz işçiləri işləməyə məcbur edə bilmərsiniz, bu yaxşı nəticə verməyəcək. Lider insanların nə istədiyini başa düşməlidir, bunun üçün isə onlarla etibarlı əlaqə qurmaq lazımdır – onların nəyə inandıqlarını, ədalət dedikdə nə başa düşdüklərini öyrənmək. Liderin əsas keyfiyyəti insanları eşitmək qabiliyyətidir. 

– Sahibkarların biznes qurmasına mane olan ən çox yayılmış nöqsanlar hansılardır?

Sahibkarların ən böyük problemi uğursuzluqların öhdəsindən gələ bilməməkdir. Güclü biznes qurmaq üçün hər kəsdən fərqli düşünmək və eyni zamanda haqlı olmaq lazımdır. Sahibkarlar daim təcrübələr aparırlar və uğursuzluqlar bu prosesin təbii hissəsidir. Təslim olmamaq və səhvlərdən dərs götürmək bacarığı sahibkarlar arasında nadir rast gəlinən keyfiyyətdir. İkinci problem isə ideyalarını reallığa çevirmək əzminin olmamasıdır. Aydındır ki, sahibkar bir şəxsiyyət olmalıdır və xəyalı ilə “yanmalıdır”. Lakin eyni zamanda praktiki olmalıdır: axı onun işi rutindir, əsas da yolunun başlanğıcında. Həm xəyalpərəst, həm də təcrübəçi olmaq çox çətindir. 

– Bu gün bir çox maliyyə problemləri süni zəkanın köməyi ilə həll edilir. Sizcə, süni zəka faydalıdır? Hansı hallarda?

– “Süni zəka” çox mürəkkəb termindir, buna görə onu daha sadə şəkildə təsnif etmək istərdim. Çox vaxt süni zəka dedikdə, xüsusi alqoritmlər nəzərdə tutulur. Bu alqoritmlər insanlar tərəfindən yaradılır və əslində qərar qəbul etmənin digər metodlarından heç nəyi ilə fərqlənmirlər. İnsanın sözlərlə ifadə edə biləcəyi hər şey tənliklər toplusu şəklində formalaşdırıla bilər. Alqoritmlərin səmərəliyi isə tənliklərin nə qədər yaxşı olub-olmamasından asılıdır. 

Süni zəkanın digər formalarından biri isə maşın öyrənməsidir. Burada hər şey fərqlidir: siz məlumatları kompüterə daxil edirsiniz və o sizin üçün alqoritm qurur. Siz başa düşməlisiniz ki, bizim yaşadığımız dünyada hər şey dəyişəndir və gələcək keçmişdən köklü şəkildə fərqli ola bilər. Oyunun qaydaları dəyişildikdə, maşın düzgün qərar qəbul etməkdə çətinlik çəkməyə başlayır. Və burada daha bir sual ortaya çıxır: alqoritmlərin necə işlədiyini başa düşürsünüz, yoxsa yox? Reallıq tez-tez dəyişirsə və siz kompüterin dəqiq olaraq hansı qaydada qərar qəbul etdiyini başa düşmürsünüzsə, süni zəka təhlükəli olmağa başlayır. 

– Bu gün insanların çoxu iş yerini itirməkdən qorxur. Sizcə, robotlaşma təhlükəlidirmi? 

– Bu, dövrümüzün əsas problemlərindən biridir. Belə ki, robotlaşma varlı və kasıb insanın gəlirləri arasındakı fərqi daha da artırır. İnsanlar lazımsız olduqlarını başa düşürlər, süni zəkanın inkişafı insanın unikallığını azaldır. Əvvəlki dövrlərdə insanlar əsasən fiziki əmək ilə məşğul olurdular, bir müddət sonra bu sahədə maşınlar onlardan üstün oldu. Buna baxmayaraq, insanın maşın ilə müqayisədə bir imtiyazı qalmışdır – düşünmək qabiliyyəti. Lakin bu gün süni zəka insanın yerinə düşünə bilir və belə halda əsas üstünlüyümüz nə olacaq? Bu problemi həll etmək istəyirsinizsə, işsiz qalacaq insanları necə inkişaf etdirəcəyinizi tapmalısınız. 

– Ümumi gəlir ideyası haqqında nə deyə bilərsiniz? Bu mövzu gələcəkdə iş yerlərinin itirilməsi problemi ilə əlaqədar olaraq tez-tez müzakirə olunur. 

– Bu ideyanın həm mənfi, həm də müsbət cəhətləri var. Müsbət tərəflərə bunları aid edə bilərəm: insanlar seçim etmək hüququnu qazanırlar, siz heç bir sosial proqramda iştirak etmək məcburiyyətində olmursunuz – kiməsə kömək etmək istəsəniz, sadəcə çek yazırsınız və yardım etmək istədiyiniz inan bu pulu nəyə xərclədiyini özü qərar verir. Bununla yanaşı, sosial proqramları ixtisar edərək, məmurların maaşından kəsmiş olursunuz. Əsas problem insanların bu puldan nə dərəcədə səmərəli istifadə edəcəyidir. Məsələn, siz uşaqların təhsil alması üçün onun valideynlərinə pul verirsiniz, valideyn isə uşağının təhsilə ehtiyacı olmadığını deyib pulu özünə götürür. Mənim fikrimcə, cəmiyyət insanları inkişaf etdirməlidir, onlara sadəcə pul deyil, yaşamaq üçün səbəb verməlidir. 

– Hansı yeni texnologiyalara sərmayə qoymağa dəyər, hansı isə sadəcə “köpük” dür? Məsələn, kriptovalyutalar?

– Biz bunu heç vaxt bilə bilməyəcəyik, hər şeyi sınamaq lazımdır. Keçmişdə pis hesab etdiyim ideyalar nəticədə uğurlu olurdu. Məsələn, qablaşdırlımış içməli su: mən uşaq olanda hər yerdə su var idi və kiminsə butulkada su alacağına inanmırdım. Məncə, yaxşı biznes-ideya tapmağın yeganə yolu təcrübədir.

Son xəbərlər
Digər xəbərlər