COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.
Bu barədə DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
O qeyd edib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları bir rayondan digərinə icazə ilə gedə biləcək:
“Bu ezamiyyə və digər sənədlərlə mümkündür. Amma hansısa qurumun əməkdaşı xidməti vəsiqə ilə olduğu şəhər və rayonu tərk edə bilməyəcək. Daha təfsilatlı məlumat araşdırmalardan sonra açıqlanacaq”.
Qeyd edək ki, karantin rejiminə əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına giriş və çıxış məhdudlaşdırılıb.