Oqtay Haqverdiyev: «İpoteka kreditinə tələbat daha çox şəhərdə olduğu üçün inkişaf da burda müşahidə olunur»
Vüqar Bayramov: «Dəfələrlə müşahidə etmişik ki, bəzi vətəndaşlarımız rayonlarda yaşamasına baxmayaraq, ipoteka kreditindən istifadə edərək Bakıda mənzil alırlar»
Ölkədə mənzil sahibi olmaq üçün hazırda ən əlverişli vasitələrdən biri sayılan ipoteka kreditləşməsində əsas pay paxtaxt Bakıya məxsusdur. Regionlarda isə ipoteka kreditləşməsi elə də geniş yayılmayıb. Hətta elə rayonlar var ki, orada ümumiyyətlə, ipoteka verilməyib.
İqtisadçı ekspert Oqtay Haqverdiyev Mövqe.az-a açıqlamasında bildirir ki, Bakıdan başqa, Sumqayıt şəhərində, eyni zamanda Abşeronda da ipoteka kreditləşməsi müəyyən qədər inkişaf edib: «Dövlət büdcəsinə gəlirlər də əsasən Bakı, Abşeron, Sumqayıt əhalisindən gələn vergilər hesabına formalaşır. Gəncə də burda müəyyən yer tutur. Lakin rayonlarda vəziyyət başqadır. Səbəb isə odur ki, rayonlarda şəhərdəki kimi mənzil tikinti işləri getmir. Məsələn, regionlarda az sayda çoxmərtəbəli bina görmək olur. İnsanlar əsasən öz hesablarına fərdi evlər tikib orda yaşamağa üstünlük verirlər. İpoteka kreditinə tələbat daha çox şəhərdə olduğu üçün inkişaf da burda müşahidə olunur».
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da məsələ ilə bağlı Mövqe.az-a açıqlama verib. İqtisadçı rayonlarda ipoetka kreditləşməsinin yayılmamasının əsasında əmək haqlarının şəhərlə müqayisədə az olmasını görür: “İpoteka kreditlərinin rayonlarda payının az olmasına əsas səbəblərdən biri kəndlərdə əmək haqqının səviyyəsidir. Dövlət Statistika Komitəsinin məlumatına əsaslansaq, rayonlarda orta aylıq əmək haqqı şəhərdəkindən 2 dəfə azdır. Bu amil rayonlarda əhalinin ipoteka proqramından istifadə etməsinə imkan vermir. Çünki ipoteka krediti verən zaman banklar əmək haqqı tələb edirlər. Təbii ki, əmək haqqısı yüksək olan vətəndaşlara ipoteka verilməsi şansı daha çox olur. Çünki, bununla banklar öz risklərini sığortalamış olurlar.
İkinci bir səbəb ipoteka kreditləşməsi ilə bağlı rayonlarda məlumatlılıq səviyyəsinin az olmasıdır. Təəssüf ki rayonlarda yaşayan əhali ipoteka kreditləşməsinin mahiyyətini bir çox hallarda bilmirlər. Ona görə, çox vaxt öz vəsaitləri hesabına mənzil problemlərini həll etməyə çalışırlar.
Bir məqam da var ki, rayonda yaşayanlar bəzən ipoteka krediti götürərərək rayonda yox, Bakıda mənzil sahibi olur. Apardığımız monitorinqlər də bunu sübut edir. Dəfələrlə müşahidə etmişik ki, bəzi vətəndaşlarımız rayonlarda yaşamasına baxmayaraq, ipoteka kreditindən istifadə edərək Bakıda mənzil alırlar. O baxımdan təbii ki, rayonlarda ipoteka kreditləşməsinin inkişaf etməməsində rayon əhalisinin də Bakının mənzil bazarına daxil olması rol oynayır”.
Rayonlarda ipoteka kreditləşməsinin genişləndirilməsi üçün nə etməli olmasına gəlincə, iqtisadçı təkliflərini irəli sürüb: “İlk olaraq rayonlarda əmək haqqının səviyyəsini nəzərə alaraq ipoteka verilərkən rayonlar üçün əmək haqqı həddi üçün dəyişikliklər edilə bilər.
Şərtlər yumşaldılarsa, daha çox əhali bundan faydalana bilər. Digər tərəfdən, rayon əhalisi üçün ipoteka verilməsində ilkin ödənişin ləğv edilməsi məqsədəuyğun olardı. Çünki ilkin ödəniş amili də insanların ipotekadan yararlana bilməməsində rol oynayır. Onlar ilkin ödəniş edə bilmədikləri üçün mənzil ala bilmirlər.
Və nəhayət ipoteka kredit portfelində rayonlar üçün müəyyən limitin müəyyənləşdirilməsinə ehtiyac var. Yəni, İpoteka Fondu krediti verilən zaman vəsaitin ən azı 3-də birinin rayonlara verilməsi kimi şərt müəyyənləşdirilə bilər. Bu zaman kommersiya bankları aldıqları vəsaitin ən azı 3-də birini rayonlara vermək məcburiyyətində qalacaqlar ki, bu da rayonlara verilən kreditlərin həcminin kəskin şəkildə artmasına gətirib çıxaracaq”.
Movqe.az