23 C
Baku
Friday, April 19, 2024

Rayonlardan gələn avtomobillərinin Bakı şəhərinə girişinə məhdudiyyətlər qoyulacaq – Abid Şərifov

İstəyimiz odur ki, rayonlardan gələn avtomobillər Bakı şəhərinə əsasən axşam saatlarında daxil olsunlar.

Bunu Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini təəssüflə qeyd edib ki, bəzi ekspertlər yol-nəqliyyat sisteminin tənzimlənməsi ilə bağlı aparılan işləri bəyənmirlər: “Əslində, biz bu məsələnin iqtisadi tərəflərinə diqqət yetirməliyik. Təsəvvürünüzə gətirin ki, hansısa bir rayon sakini köhnə bir “Jiquli”yə minərək, Bakıya gəlir. Bu avtomobilin hansı vəziyyətdə olduğunu və nə qədər maliyyə itkisinə səbəb olduğunu düşünək. Həmin şəxs ailəsini də belə bir problemli avtomobilə mindirərək şəhərə gəlir. Əgər onlar avtobusla paytaxtımıza gələrlərsə, həm texniki, həm təhlükəsizlik, həm də maddi cəhətdən ziyana düşməyəcəklər. İnsanların təhlükəsizliyi bizim üçün hər şeydən vacibdir. Vətəndaşlarımız isə bu cəhətə diqqət yetirmədikləri üçün bir il ərzində yol qəzalarından ölən və xəsarət alanların sayı 1500-2000 nəfərdən çoxdur”.

A.Şərifov vurğulayıb ki, göstərilənlərlə yanaşı Bakıda yaşayan 3 milyon əhalinin rahatlığının təmin olunması vacib məsələdir: “Biz buna görə də ağır tonnajlı maşınların gündüz saatlarında şəhərə girişinə məhdudiyyətlər qoyduq. Çünki, bu avtomobillər şəhər sakinlərinin rahatlığını əlindən alır. İnsanlarımız 10 dəqiqəlik yolu 1-2 saata qət etməli olurlar. Əgər bir vətəndaş uzaq rayondan kimisə Bakıdakı xəstəxanalara gətirirsə, buna kim qadağa qoya bilər? Biz bu kimi məsələləri də nəzərə alırıq və postlara da bununla bağlı tapşırıqlar vermişik”.

Onun sözlərinə görə, sentyabrın 15-dən etibarən rayonlardan gələn minik və yük və minik avtomobillərinin Bakı şəhərinə girişinə məhdudiyyətlər qoyulacaq: “Bu avtobillər əsasən axşam saatlarından sonra paytaxta daxil olacaqlar”.

SalamNews

Son xəbərlər
Digər xəbərlər