“Reddit” 10 milyard dollar qiymətləndirmə ilə 410 milyon dollar cəlb edib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, şirkət investisiyaları məhsulun təkmilləşdirilməsi, reklam kabinetinin yaradılması, o cümlədən beynəlxalq ekspansiyanın həyata keçirilməsinə xərcləməyi planlaşdırır.
İnvestisiyalar haqqında “Reddit”in baş direktoru Stiv Haffman məlumat verib. Onun sözlərinə görə, platforma “Fidelity Management”, “Research Company” və başqalarından əlavə vəsait cəlb etməyi və raundu 700 milyon dollarda bağlamağı düşünür.
Xatırladaq ki, fevralda şirkət 6 milyard dollar qiymətləndirmə ilə 250 milyon dollar cəlb edib. Əlavə vəsaitlər birjaya çıxmaq üçün görülən hazırlıqlara xərclənəcək. “Biz həm də publik şirkət olmağı planlaşdırırıq, lakin hələki bununla bağlı dəqiq vaxt məhdudiyyətimiz yoxdur”, – deyə Haffman söyləyib.
Qeyd edək ki, “Reddit” gəlirinin böyük hissəsini reklamdan alır. Platformanın təqdim etdiyi məlumatlara əsasən, 2021-ci ilin ikinci rübündə onun gəliri 100 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 192% çoxdur. Hər gün “Reddit” platformasına 50 milyondan çox insan girir, saytdakı aktiv istifadəçilərin sayı isə 100 mini keçir.