“Regional” Bank Olmayan Kredit Təşkilatı MMC fond bazarında manatda faizli borc cəlb etmək istəyir.
Banker.az BOKT-nin təqdim etdiyi Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir ki, ümumi faizli borcun həcmi 1 milyon manat təşkil edəcək.
Belə ki, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz emissiya ediləcək.
“Regional” Bank olmayan Kredit Təşkilatları olan MMC-nin inkişaf tarixi 11 ili əhatə edir. “Regional” BOKT MMC-yə Mərkəzi Bank tərəfindən 01 avqust 2014-cü il tarixli BKT-26 saylı müddətsiz lisenziya verilib.
Qeyd edək ki, 2024-cü il ərzində 4 BOKT-nin lisenziyası ləğv edilmiş, 3 BOKT-yə yeni lisenziya verilmişdir. 30.06.2025-ci il tarixinə ölkədə 57 BOKT fəaliyyət göstərməkdədir. Onların məcmu aktivləri 953,4 mln manat təşkil edir ki, bunun da 811,4 mln manatı müştərilərə verilmiş kreditlərdir. Cari ilin ilk altı ayı ərzində bank olmayan kredit təşkilatlarının bölüşdürülməmiş mənfəəti 9,2% artaraq 171,3 mln manat, nizamnamə kapitalı isə 5,5% (14,3 mln manat) artaraq 372,2 mln manat təşkil etmişdir. AMB-nin məlumatına əsasən ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi kapitalı 450,8 milyon manat təşkil edib. Həmin dövrdə BOKT-ların öhdəlikləri 7% böyüyüb.
“Regional” BOKT kredit və maliyyə bazarlarında fəaliyyət göstərir.
“Hazırki dövrdə kredit təşkilatlarına əsas təsir edən faktorlar olan valyuta riskləri və portfel keyfiyyəti kimi faktorlar “Regional” BOKT MMC-də qənaətbəxş idarə olunur. Belə ki, təşkilatın portfelində prospektin hazırlandığı tarixə valyuta riski yaradacaq kreditlər yoxdur və kredit portfeli milli valyutada formalaşdırılmışdır”- deyə, açıqlamada bildirilir.
Müstəqil auditorun verdiyi rəyə əsasən müəssisənin gəliri 31 dekabr 2024-cü il tarixdə bitən il üzrə 1,238,240 manat, xərcləri isə 1,046,471 manat olub. Nəticədə müəssisə 31 dekabr 2024-cü il tarixdə bitən ili 191,769 manat ümumi mənfəətlə başa vurub. Öncəki ildə 197,510 manat zərər etmişdi.
Təşkilatın aktivlərinin əsas hissəsini təşkil edən müştərilərə verilmiş kredit portfeli 2022-ci ildə 65%, 2023-cü ildə 71%, 2024-cü ildə 54%, 2025-ci ilin 7 ayı ərzində isə 14% artmaqdadır. Təşkilatın son 3 il ərzində maliyyələşməsi üçün bank kreditlərindən, buraxılmış istiqrazlardan və təsisçilərin borc vəsaitlərindən istifadə edilib. Müəssisənin kredit portfelini təşkil edən müştərilərin kredit həcmi əsasən kiçik məbləğlərdən formalaşdırılır.
“Buna görə hər hansı iri tranzaksiyanın likvidlik göstəricisinə və gəlir mənbəyinə mənfi təsir etmək ehtimalı çox aşağıdır. Ölkədə illik inflyasiya hədəf diapazonu daxilində müşahidə olunmaqdadır. Bu isə öz növbəsində təşkilatın fəaliyyəti və müsbət dinamikası üçün münbit şərait yaradır”- deyə, memorandumda əks olunub.
Xatırladaq ki, “Regional” BOKT 2014-cü ildə dövlət qeydiyyatına alınıb və 1 100 100 manat nizamnamə kapitalına sahibdir. Əliyev Əli Hüseyn oğlu, Bəhramov Nahid Oktay oğlu və Taığıyeva Nigar Sabir qızı təsisçilərdir. Onların hər birinin nizamnamə kapitalında payı 33,33% təşkil edir.