“Regional” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC 2024-cü ili 191.8 min manat xalis mənfəətlə yekunlaşdırıb. Bu, 2023-cü ildəki 197.5 min manatlıq zərərlə müqayisədə ciddi dönüş deməkdir.
Banker.az xəbər verir ki, şirkətin aktivləri bir il ərzində 47%-lik artımla 4 milyon 642.3 min manata çatıb. Artım əsasən kredit portfelindəki genişlənmə ilə bağlıdır – xalis kreditlər 60% artaraq 4 milyon 163.7 min manat olub.
Faiz gəlirləri də güclü artım nümayiş etdirib. 2023-cü ildə 544.6 min manat olan faiz gəlirləri 2024-cü ildə 1 milyon 87.6 min manata yüksəlib. Nəticədə xalis faiz gəliri 559.5 min manat təşkil edib – bu, əvvəlki illə müqayisədə iki dəfəyə yaxın çoxdur.
Təşkilatın qeyri-faiz gəlirləri 150.7 min manat olub ki, bu da 2023-cü illə müqayisədə iki dəfədən artıq artımdır. Ümumi gəlirlərin artmasına baxmayaraq, xərclər də yüksəlib – əməkhaqqı və digər inzibati xərclər 437.7 min manata çatıb.
Ümumi kapital 2023-cü ildəki 318.3 min manatdan 510.1 min manata yüksəlib – artım təxminən 60%-dir.