28 C
Baku
Saturday, July 27, 2024

Regionlar üzrə banklara yerləşdirilən əmanətlər azalıb – Bir ayda 443 milyon manat geri götürüldü (Siyahı)

Azərbaycanda 2020-ci ilin aprel ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 252 milyon manat təşkil edib. Cari iin mart ayının 1-nə isə əmanətlərin həcmi 8 milyard 694 milyon manat idi ki, bu da əmanətlərin bir ayda 442 milyon 710 min manat və yaxud 5% azalması deməkdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 457 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Onu da qeyd etmək lazımdır ki, Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlərdə son 1 ay ərzində 338 milyon 478 min manat azalma müşahidə olunub.

2020-ci ilin aprel ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 246 milyon 869 min manat pulu var.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhalinin banklarda 161 milyon 155 min, Aran iqtisadi rayonunda yaşayan 135 milyon 416 min manat bank əmanətinə sahibdir.

Lənkəran əhalisi banklara 61 milyon 222 min manat pul qoyub. Quba-Xaçmazda yaşayanların isə bankda cəmi 61 milyon 31 min manat pulu var.

Şəki-Zaqatalada yaşayanlar 48 milyon 774 min manat pulunu banklara etibar edib. Naxçıvan sakinləri isə banklara 46 milyon 199 min manat yerləşdirib.

Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 3 milyard 702 milyon manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6% təşkil edir. 4 milyard 550 milyon manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,5 faizdir.

emanet 2020

Son xəbərlər
Digər xəbərlər