“Münaqişə başlanandan bəri xarici jurnalistlərə çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə deyirdim ki, Ermənistan tərəfi bizim ərazilərdən çıxacağı tarixi deyən kimi, istənilən anda biz dayanmağa hazırıq və bunu açıq deyirdim. Belə də oldu. Bəyanatda üç rayonun bizə qaytarılacağı tarix qrafik üzrə göstərilən kimi hərbi əməliyyatlar dayandırıldı”.
Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Sentyabrın 27-dən noyabrın 10-na qədər olan dövrü götürsək, deyə bilərik ki, münaqişə hərbi-siyasi metodlarla həll edildi. Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan siyasi qüvvələr üçün vacibdir. Təəssüf ki, bu cür qüvvələr var və bu, həmin bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışanların hamısı üçün çox ciddi siqnaldır. Belə cəhdləri biz müharibə dövründə də görmüşük, bəyanat imzalanandan sonra da. Təfsilata varmaq istəmirəm. Biz müəyyən xarici dairələrin cəhdlərini görmüşük. Onlar bu məsələdən bir növ kənarda qaldıqlarına görə narazı idilər”.
Azərbaycan Prezidenti qeyd edib ki, atəşin dayandırılmasında aparıcı rolu Rusiyanın oynamasından narazı qalanlar Ermənistan cəmiyyətində müəyyən iğtişaşlar törətməyə və əslində, bu bəyanatı pozmaq üçün müəyyən qarışıqlıq yaratmağa çalışırlar.
“Bunun, ilk növbədə, Ermənistan tərəfi üçün nə qədər məhvedici ola biləcəyini Vladimir Vladimiroviç də öz müsahibələrinin birində qeyd edib. Ondan soruşublar ki, Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq, o deyib ki, bu, intihara bərabər olacaq. Bu, həqiqətən belədir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, regionun gələcəyi çox cəhətdən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaq”.