“Abşeron” yatağında ilkin hasilat layihəsinin (ECP) 2023-cü ilin birinci yarısında işə salınması planlaşdırılır.
Bunu “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Aqut bildirib.
“Abşeron” ECP layihəsinin daxil olduğu birinci işlənmə mərhələsi tikinti prosesindədir və uğurla davam etdirilir. Onun 2023-cü ilin birinci rübündə işə salınması planlaşdırılır”, – R. Aqut qeyd edib.
Məlumdur ki, hasil ediləcək illik 1,5 milyard kubmetr təbii qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.
Onun sözlərinə görə, hazırda “Abşeron”nun I mərhələsi adlanan növbəti işlənmə mərhələsi müzakirə olunur. Həmin mərhələdə illik hasilat 4-5 milyard kubmetr təşkil edəcək.
“Hazırda konseptual tədqiqat işləri aparılır. Bir neçə variant müzakirə olunur. Əsas plan hasilatın artmasından sonra istehsal edilmiş qazı xarici bazarlara tədarük olunsun. Lakin bütün bunlar hələ müzakirə olunur. Hər şey Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin artırılmasından asılıdır”, – o vurğulayıb.
Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi layihəsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri “SOCAR Absheron” (50 %) və “TOTAL E&P Absheron” (50 %) şirkətləri arasında bərabər bölünüb.
2016-cı il noyabrın 21-də SOCAR və “Total” arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.
Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50 %) və “TOTAL E&P Absheron” (50 %) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur.
“Abşeron” bloku Bakıdan 100 km-lik məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.