Ötən həftə qüvvəyə minmiş “Reklam haqqında” qanun, istehlak kreditinin reklamına dair sərt tələblər müəyyən edib. Həmin tələblər kredit təşkilatlarını vətəndaşlarımızı kredit şərtləri ilə qabaqcadan tam məlumatlandırmağa məcbur edir.
Hüquqşünas Əkrəm Həsənov bildirir ki, bir reklamda daha çox cəlbedici məqamlar qabardılır.
Qanunun 33.4-cü maddəsinə əsasən bundan sonra belə reklamda kreditin hər hansı xərci (məsələn, faiz dərəcəsi) ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:
1) kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;
2) kreditin müddəti;
3) kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;
4) kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi.
Bütün bu məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır.