18 C
Baku
Sunday, April 28, 2024

Reklam olmasa bunları etməzdik!

Dişləri fırçalamaq:

Dişləri fırçalamağın sağlamlığı qoruduğunu hələ 1900-cü illərdə hər kəs bilirdi. Lakin bunu bilmək kifayət deyildi. İnsanlar çox nadir hallarda dişlərini fırçalayır və nadir hallarda diş məcunu alırdılar. Claude Hopkins bu zaman Pepsodent üçün reklam yaradır və insanları gündə iki dəfə dişlərini fırçalamağa necə sövq etməyin mümkün olduğunu düşünür. Bunun üçün insanlara sadəcə gözəllik vəd etmək kifayətdir! Tezliklə reklamlarda göz qamaşdırıcı ağ rəngli dişlərə sahib və parıldayan təbəssümlü xanımlar peyda olur. Siz də, belə ağ dişlər istəyirsiniz? Elə isə gündə iki dəfə dişlərinizi fırçalayın. İşə yarayır! Ağ dişlər vəd etmək əla motivasiya rolunu oynayır və dişləri fırçalamaq dünya vərdişi siyahısına daxil olur.

Portağal şirəsi içmək:

XX əsrin əvvəllərində kaliforniyalı fermerlər portağal satışını artırmaq qərarına gəlirlər və bu səbəbdən də reklam mütəxəssisi Albert Laskerə müraciət edirlər. Bu zaman insanlar sitrus meyvələrinə bir o qədər meyilli deyildilər, bəs onları buna necə məcbur etmək olardı? Belə olduqda Lasker portağal şirələrini reklam etməyə başlayır. Meyvə şirələri böyük tələbatla istifadə edilən məhsul deyildi. Lakin insanlar reklam vasitəsilə onun nə qədər faydalı olduğunu öyrəndikdə portağal şirəsinə diqqət artır. Daha sonradan Lasker bunu ananas meyvələri ilə də sınaqdan keçirmişdi.

Hazır qidalar yemək:

Birinci dünya müharibəsi ərzində bir çox istehsalçılar tez hazırlanan və yarımfabrikat məhsullar istehsal etməyi öyrənmişdilər. Bu təcrübə müharibədən sonra da davam etdirildi. Lakin Nescafe və Jell kimi məhsullar heç də yaxşı satılmırdı. Evdar qadınlar bu hazır qidaları alaraq öz “nüfuzlarına” xələl gətirmək istəmirdilər. Belə olduqda, istehsalçılar qablaşdırmaların üzərində bu hazır qidaların hazırlanmasına dair uzun-uzadı reseptlər dərc etdilər. Sanki bu qidaları hazırlamaq heç də asan məsələ deyilmiş fikri formalaşdırıldı. İnsanlara bu fikri təlqin etmək üçün isə növbəti dəfə də reklam elanlarından istifadə edildi. Yenə fənd işə yaradı. Artıq insanlar piştaxtalardan hazır məhsul götürməkdən utanc hissi keçirmirdilər.

Saçları rəngləmək:

Uzun müddət “əxlaqlı qadın saçlarını rəngləməz” fikri insanlara hakim idi. 50-ci illərdə ABŞ-da bu yalnızca aktrisa və müğənnilər üçün bağışlanan hərəkət idi. Lakin 1957-ci ildə cəmiyyətin fikrini dəyişən Clairol boyalarının reklamı peyda olur. Reklamda ailəli, gözəl geyimli və parlaq saçlı qadınlar təsvir edilirdi. Reklam mətnində isə bu qadınların Clairol boyalarından istifadə etdiyi bildirilirdi. Modellər elə ustalıqla seçilmişdi ki, cəmiyyətin inanmaqdan başqa yolu yox idi.  Beləliklə, saçları boyamaq normal hərəkət kimi qəbul edilməyə başlayır və Clairol şirkəti bir neçə illik bazar liderinə çevrilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər