Milli Məclisdə “Reklam haqqında” qanun ikinci oxunuşda qəbul edildi
İdman-mərc oyunlarının reklamına məhdudiyyət qoyulub, alkoqollu içkilərin reklamı qaydaları dəyişdirilib
Dünən Milli Məclisin sessiyasında “Reklam haqqında” qanun layihəsi müzakirə edilib.
Layihə barədə məlumat verən millət vəkili Vahid Əhmədov bildirib ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəyə təqdim olunan mətnində birinci oxunuş zamanı millət vəkillərinin verdikləri təkliflər nəzərə alınıb. O qeyd edib ki, qanun layihəsində sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib.
Millət vəkili Sevinc Fətəliyeva sosial reklamın cəmiyyət həyatında oynadığı roldan söhbət açıb və qanun layihəsində sosial reklamla bağlı müddəaların olmasını yüksək qiymətləndirib.
Millət vəkili Zahid Oruc isə çıxışında şou verilişlərinin televiziyaların efir vaxtının çox hissəsini zəbt etməsini tənqid edib və problemdən çıxış yolu kimi “Televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb. Z.Oruc gizli reklam məsələlərinə də iradını bildirib. Sahibə Qafarova isə deyib ki, mərc oyunlarının reklamı zamanı vaxt məhdudiyyətləri qoyulmalıdır.
Millət vəkili Musa Quliyev deyib ki, dərsliklərin və dərs ləvazimatlarının üzərində reklam şəkilləri ləğv edilməlidir. O qeyd edib ki, məsələn, dəftərin üzərində futbolçu Messinin şəkli var: “Onun əlində isə pepsi butulkası var. Halbuki onun yanında top olmalıdır. Hamımız da bilirik ki, bu növ içki vasitələri uşaqlar üçün necə zərərlidir. Bununla da uşaq bu içkiyə meylli olur və ondan istifadə etməyə maraq göstərir”.
Musa Quliyev alkoqollu içkilərin reklamına da münasibət bildirib. O qeyd edib ki, rəsmi idman yarışları zamanı alkoqollu içkilərin reklamına qadağa qoyulmalıdır. Deputat, ümumiyyətlə, spirtli içkilərin reklam edilməsinin əleyhinədir: “İctimai yerlərdə alkoqollu içkilərin reklam edilməsi üçün ayrılan yerlərə diqqət yetirilməlidir”.
Millət vəkili Azər Badamov deyib ki, mobil operatorlar istifadəçilərə müxtəlif mesajlar göndərir və abunəçi də bilmədən “Ok” düyməsini basır. O bildirib ki, bununla bağlı qanun sərtləşdirilməlidir: “Çünki nəticədə istifadəçinin balansından xeyli sayda konturlar çıxılır. Sonda məlum olur ki, o özü də bilmədən bu xidmətə qoşulub”. Millət vəkili həmçinin, deyib ki, əcnəbi dillərdə olan reklamlar Azərbaycan dili haqqında qanunun pozulması deməkdir: “Fikrimcə, bütün reklamlar Azərbaycan dilində olmalıdır”.
Digər millət vəkilləri də qanunla bağlı fikir və təkliflərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, qanun layihəsində bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, yeni qanun layihəsinə əsasən, Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Həmçinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır. Bununla yanaşı, teatr tamaşasının gedişində və kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir. Yeni layihəyə əsasən, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağan edilir.
Eyni zamanda, Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir. Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.
Həmçinin yeni qanun layihəsinə əsasən, mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil, səhiyyə müəssisələrindən ən azı 100 metr uzaqda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.
Yeni qanun layihəsində Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması, sosial reklamların isə səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması təklif olunur.