Açıq havada reklam yerləşdirən reklam agentlikləri karantinlə bağlı olaraq çıxılmaz vəziyyətə düşüblər. Belə ki, onlar adət etdikləri formada və karantin dövrü tətbiq edilməmişdən öncə, Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) icarəyə çöl reklamları yerləri götürmüşdürlər. Bu barədə Banker.az-ın bazardakı mənbələrdən əldə etdiyi məlumatda deyilir.
Nazirlər Kabinetinin karantin rejiminin tətbiqi ilə bağlı müvafiq qərarlarından sonra, agentliklərin çöl reklam yerlərini icarəyə verdiləri müştərilərin biznes fəaliyyətləri ya qismən və ya tam məhdudlaşdırıldığından, onların böyük bir hissəsi reklam yerləşdirməkdən imtina ediblər. Yekunda, elə bir vəziyyət alınmışdır ki, müştərisi olmayan reklam billboardları üzrə yayım haqqları ADRA-ya agentliklər tərəfindən ödənilə bilmir.
Bu məsələ ilə bağlı, reklam agentlikləri ADRA-ya aprel, may, iyun və iyul ayları üzrə yayım haqqlarının ödənilməsində müəyyən güzəştlərin tətbiqinən bağlı müraciət ediblər. Qurumdan bu məsələ ilə bağlı rəsmi açıqlama aşağıdakı formada verilmişdir.
“Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləğində güzəşt tətbiqi ilə bağlı təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti dövlət orqanına təqdim olunmuşdur. Odur ki, yayım haqqında güzəşt tətbiq olunması yalnız məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunacağı halda mümkün ola bilər. Diqqətinizə çatdırırıq ki, sözügedən qərar qəbul edilənədək (və ya edilməyəcəyi halda) açıq məkanda reklam yayımına görə haqqın məbləği ilə bağlı öhdəliyiniz mövcud qanunvericiliyə əsasən icra olunmalıdır.”
Nəzərə alsaq ki artıq Azərbaycana 6-cı aydır karantin rejimi tətbiq edilir və bu dövr ərzində hər hansı bir qərarın hələdə qəbul edilməməsi, onun ümumiyyətlə qəbul ediləcəyi ehtimalını sıfıra endirir. Reallıq isə onu göstərir ki, faktiki olaraq agentliklər bu öhdəlikləri icra edə bilmirlər və müflisləşmə elan etməyin bir addımlığındadırlar. Çıxış yolu kimi, agentliklər prezidentə açıq məktub göndərmişdirlər.
Məktub 17 reklam şirkəti adından yazılıb.
Məktubun mətni ilə və imzalayan agentliklərin siyahısı ilə aşağıdakı linkə tanış olmaq olar.