16 C
Baku
Friday, November 22, 2024

Rektor: Növbəti tədris ilində Qarabağ Universitetinə subbakalavrların qəbulu və tələbə köçürülməsi nəzərdə tutulmayıb

2024/2025-ci tədris ili üçün Qarabağ Universitetində ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.

Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərə ali təhsil ənənələrinin qaytarılması əsas məqsədlərdən biridir: “Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti ölkəmizin ən müasir ali təhsil müəssisələrindən biri olmalıdır. Prezident İlham Əliyev iyulun 5-də universitetimizə gələrək aparılan işlərin gedişatı ilə maraqlandı, müvafiq tövsiyə və tapşırıqlarını verdi. Biz də Qarabağ Universitetinin gələcəyi ilə bağlı aparacağımız işlərlə bağlı müvafiq tapşırıqları dövlət başçımızdan almış olduq”.

Rektor vurğulayıb ki, növbəti tədris ilinə hazırlıq işləri gedir:

“Bilirsiniz ki, ilk dəfə universitetimizə tələbə qəbulu həyata keçiriləcək. Builki tədris ilində universitetimizə yalnız dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçiriləcək. Bu o deməkdir ki, Qarabağ Universitetinin tələbəsi adını qazanacaq istənilən gənc universitetdə heç bir təhsil haqqı ödəmədən təhsil alacaq. Bundan başqa, ödənişsiz şəkildə ən müasir şəraiti olan mənzil tipli yataqxanada tələbələrimiz həm də əməkdaşlarımızı yerləşdirməyi nəzərdə tutmuşuq. Onu da qeyd edim ki, universitetimizə qəbul olunacaq bütün tələbələrə notbuk hədiyyə olunacaq”.

O həmçinin söyləyib ki, növbəti tədris ilində Qarabağ Universitetinə subbakalavrların qəbulu və tələbə köçürülməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər