Fransanın məşhur avtomobil istehsalçısı “Renault” iki böyük texniki qüsur səbəbi ilə yüz minlərlə avtomobili geri çağırmağa qərar verib.
Geri çağırmanın səbəbi yanacaq xətti və mühərrik sızması ilə bağlıdır. İlk olaraq, Cənubi Koreyada istehsal edilən ikinci nəsil “Renault Koleos” modelləri geri çağırılıb. “Renault” rəsmi olaraq 2 901 modeli geri çağırdığını təsdiqləyib. Mütəxəssislərin məlumatına görə, bu modellərdə yanacaq ötürücü boruda potensial qüsur aşkar edilib. Bu problem yanacaq xəttinin qismən ayrılmasına səbəb ola bilər ki, bu da nasazlıq, dayanma və ya yanğın təhlükəsinə gətirib çıxara bilər.
İkinci və daha geniş geri çağırma kampaniyası 155 min 825 “Renault” avtomobilini əhatə edəcək. Bu 2019-cu il aprelin 5-dən 2022-ci il sentyabrın 26-dək istehsal edilmiş bütün 1.6 hibrid və plug-in hibrid modellərinə şamil ediləcək.
Ümumilikdə, 155 min 825 ədəd “Renault”un “Clio 5”, “Captur 2”, “Arkana” və “Megane 4”, eləcə də 79 ədəd “Dacia Jogger” modeli elektrik mühərrikində sızma probleminə görə yoxlamadan keçməlidir.
Bildirilir ki, bu texniki müdaxilə və ehtiyat hissələrinin dəyişdirilməsi tamamilə istehsalçının hesabına olacaq.