Bazar iqtisadiyyatı biznes üçün yeni qaydalar diktə edir və mənfəət təsərrüfat fəaliyyətinin uğurlu olmasının başlıca göstəricisi hesab olunur. Mənfəət gəlirləri, xərcləri, itkiləri xarakterizə edərək, təsərrüfat fəaliyyətinin bütün göstəricilərini ümumiləşirir. Mənfəət sayəsində müəssisəsinin fəaliyyətinin effektivliyini və rentabelliyini öyrənmək və onu qiymətləndirmək olar. Mənfəət müəssisənin gələcək fəaliyyətini stimullaşdırcaq mənbə, onun inkişafına təkan verəcək başlıca qüvvə və onun şəxsi kapitalını artırmaq üçün əsas vasitədir.
.
Sahibkarlıq fəaliyyətinin səmərəliliyinin iqtisadi göstəriciləri içərisində rentabellik göstəricisi xüsusi rol oynayır. Əgər mənfəətin müəssisənin mütləq gəlirliyini əks etdirirsə, rentabellik nisbi gəlirliliyi göstərir və mənfəətin müəyyən bazaya nisbəti ilə ifadə olunur. Müəssisə o halda rentabelli hesab olunur ki, məhsulun satışından əldə edilən mədaxil məhsulun istehsalı və satışı xərclərini ödəməklə bərabər müəyyən mənfəəti də təmin etsin. Beləliklə rentabellik müəssisənin işinin səmərəliliyini səciyyələndirir, müəssisənin kapitalı artırmaq qabiliyyəti haqqında təsəvvür yaradır.
Rentabellik müxtəlif qaydalarda hesablanır. Əsas göstərici ümumi rentabellik və ya aktivlərin rentabelliyi göstəricisidir və aşağıdakı düsturla hesablanır:
Rüm = (Mb:A)•100 ,
burada Mb – balans mənfəəti; A – müəssisənin aktivlərinin (əsas istehsal fondları ilə dövriyyə vəsaitlərinin ) dəyəridir.
Rentabelliyin bu göstəricisi qoyulmuş kapitalın bir manatına düşən mənfəətin məbləğini göstərir.
Aktivlərin rentabelliliyi ilə yanaşı sahibkarlıq fəaliyyətinin təhlili prosesində məhsulun rentabelliyi göstəricisindən yeni istifadə olunur. Həmin göstərici aşağıdakı düsturla hesablanır:
Rm = (Ms:M )•100
burada Ms – məhsulun satışından əldə edilən mənfəət;
M – satılmış məhsulun tam maya dəyəridir.
Bu göstəricidən təsərrüfatdaxili analitik hesablamalarda, ayrı-ayrı məmulat növlərinin mənfəətliliyinə ( zərərliliyinə ) nəzarət edilməsi, istehsala yeni məhsul növlərinin tətbiqi və səmərəsiz məmulatların istehsaldan çıxarılması zamanı istifadə etmək daha səmərəlidir.
Müəssisələrin təsərrüfat fəaliyyətində hesabi rentabellik göstəricisindən də istifadə olunur:
Rh = ( Mh:A )•100 ,
burada Mh – hesabi mənfəətdir.
Məlumdur ki, mənfəət həm məmulatın maya dəyəri, həm də onun satıldığı qiymətlə əlaqədardır.Belə halda məhsulun rentabelliyi mənfəətin sərbəst və ya tənzimlənən qiymətlərlə satılmış məhsulun dəyərinə, daha doğrusu satışdan mədaxilin məbləğinə nisbəti kimi hesablana bilər.Elə buna görə də rentabelliyin belə göstəricisi satışın rentabelliyi adlanır.
Məhsulun və satışın rentabelliyi göstəriciləri qarşılıqlı əlaqədardır və həm bütün məhsulun, həm də onun ayrı-ayrı növlərinin istehsalı və satışı üçün cari xərclərin dəyişilməsini əks etdirir. Ona görə də bütünlükdə istehsalın səmərəliliyini yüksəltmək və mənfəətin artırılmasının əlavə imkanlarını əldə etmək üçün böyük və kiçik rentabelliyə malik məhsulların xüsusi çəkilərinin dəyişilməsindən asılı olaraq məhsul buraxılışının strukturunu formalaşdırmaq olar.
Müəssisə kapitalının mülkiyyətçiləri üçün qoyulmuş kapitalın verimini, daha doğrusu, xüsusi kapitalın rentabellik səviyyəsini bilmək çox vacibdir.O, aşağıdakı kimi hesablanır:
Rxk = ( Mb:KX )•100,
burada RKX – müəssisənin xüsusi kapitalıdır.
Ümumi rentabellik səviyyəsinin xüsusi kapitalın rentabelliyi səviyyəsi ilə müqaisəsi xüsusi kapitalın kəmiyyətinin onun veriminə necə təsir etdiyini göstərir.
Müəssisənin maliyyə vəziyyətinin təhlili prosesində rentabelliyin digər göstəriciləri də hesablana bilər. Məsələn, müəssisənin bütün kapitalının rentabelliyi, dövriyyədənkənar aktivlərin rentabelliyi, dəyişən kapitalın rentabelliyi, investisiyaların rentabelliyi və s.
Mənfəət və rentabellik fərqli meyarlardır, onlar bir-birindən prinsipial şəkildə fərqlənir. Bəzən bu göstəricilər üzrə analizlər fərqli nəticələrə gətirib çıxarır. Xırda proyektlər üçün rentabellik mənfəətdən daha yüksəkdir, mənfəət isə nəhəng proyektlərin yol verdiyi nöqsanları qiymətləndirərkən daha çox nəzərə alınır