8 C
Baku
Sunday, November 17, 2024

Resessiyanın qabaqlayıcı əlaməti: niyə istehsal azalsa da, neftin qiyməti düşür?

Aprelin əvvəlində OPEC+ ölkələri könüllü olaraq neft hasilatını sutkada demək olar ki, 2 milyon barel və ya qlobal neft istehlakının təqribən 2%-i qədər azaltmaq barədə razılığa gəliblər. Bazar bunun neft qiymətlərinin artmasına təkan verəcəyini gözləyirdi. Bununla belə, razılaşmadan iki ay sonra “Brent” markalı neft aprel qiymətlərindən 10% ucuzdur. Neftin qiyməti niyə düşür və bu, Rusiya büdcəsi üçün nə deməkdir?

İstehsal azalır, qiymətlər isə qalxmır

Aprelin əvvəlində səkkiz OPEC+ ölkəsi neft hasilatının əhəmiyyətli dərəcədə azaldığını elan edib. Səudiyyə Ərəbistanı, İraq və BƏƏ neft hasilatını müvafiq olaraq sutkada 500, 211 və 144 min barel azaltmağa qərar veriblər. Mart ayında neft hasilatını sutkada 500 min barel azaltmaq qərarını ilin sonuna qədər uzadmış Rusiya da daxil olmaqla, OPEC+ ölkələrində neft hasilatının ümumi azalması 1.65 milyon barel təşkil edəcək. Xatırladaq ki, iyunun 4-də keçirilən görüşdə OPEC+ üzvləri hasilatın azaldılmasını 2024-cü ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər.

Hələ aprel ayında neft hasilatının əhəmiyyətli dərəcədə azalması fonunda “Brent” markalı neftin qiyməti ilə bağlı bazar proqnozları yaxşılaşmağa başlayıb. Məsələn, “Goldman Sachs” 2023-cü ilin dekabr ayı üçün gözləntilərini 5 dollar artıraraq 95 dollara yüksəldib. “Rystad Energy” araşdırma şirkəti də bu yay “Brent” markalı neftin bir barreli üçün 110 dollarlıq nikbin proqnoz verib.

Lakin nikbinlik uzun sürməyib. OPEC+ ölkələrinin neft hasilatını əhəmiyyətli dərəcədə azaltmaq qərarından sonra “Brent”in bir barelinin dəyəri təxminən 10% azalaraq 76 dollara düşüb. Bunun fonda “Goldman Sachs” öncəki həftədə proqnozunu 10%-dən çox azaldaraq, bir barel üçün 86 dollara endirib.

Neftin qiyməti niyə düşür?

“Goldman Sachs”ın proqnozu aşağı salmasının əsas səbəbi İran və Rusiyadan tədarükün əhəmiyyətli artımı olub. Bank Rusiyadan neft tədarükünün həcminin Qərbin sanksiyalarına baxmayaraq, demək olar ki, əvvəlki illərin səviyyəsinə çatdığına diqqət çəkib. Neft qiymətlərinə ABŞ-ın Energetika Nazirliyinin strateji ehtiyatlardan xammalı satması da təsir göstərir – aprel-iyun aylarında agentlik 26 milyon barel neft satmağı düşünür.

Neft qiymətlərinə təzyiq həm də bütövlükdə qlobal iqtisadiyyatın yavaşlaması ilə əlaqədardır. Dünyanın ən böyük ölkələrinin iqtisadiyyatları böyüyürsə, neft də daxil olmaqla resursların istehlakı artır və bu da xammalın qiymətlərinin artmasına səbəb olur. Əksinə, iqtisadiyyatların artımı yavaşlarsa, ölkələrin enerji resurslarına tələbatı da azalır. 2023-cü ilin birinci rübündə ABŞ-da ÜDM artımı bir rüb əvvəlki 2.6% ilə müqayisədə 1.1%-ə qədər yavaşlayıb.

Eyni dövrün nəticələrinə görə, Avrozonın iqtisadiyyatı da kiçilib – ölkələrin ümumi ÜDM-i 0.1% azalıb. Çin iqtisadiyyatının sürətli bərpası ilə bağlı gözləntilər də özünü doğrultmur: apreldə Çin mart ayı ilə müqayisədə neft idxalını 19% azaldıb, aprel və may aylarında PMI indeksi 50-dən aşağı olub ki, bu da işgüzar aktivliyin azalmasından xəbər verir.

Bu, Rusiya büdcəsi üçün nə deməkdir?

Rusiya büdcəsi üçün neftin qiymətinin azalması o qədər də kritik deyil, çünki onun əhəmiyyətli hissəsi Avropa İttifaqı və G7 ölkələri tərəfindən müəyyən edilmiş tavan qiymətindən (60 dollar) aşağı satılır. Mayda Rusiyanın “Urals” neftinin bir barelinin orta qiyməti 53.34 dollar təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə çox aşağıdır. Müvafiq olaraq, nə qədər ki, Rusiya neft markaları bir barel üçün 60 dollardan aşağı qiymətə satılır, onlar dünya qiymətlərinin dinamikasına o qədər də diqqət yetirməyə bilər.

Bununla belə, neft və qaz gəlirlərinin azalması bu il büdcənin xeyli kəsirinə səbəb olan əsas amillərdəndir. Aprel ayının nəticələrinə görə, Rusiyanın federal büdcə kəsiri 2023-cü il üçün planı üstələyib. Bu ilin beş ayı ərzində neft və qazın satışından əldə olunan gəlirlər 2.853 trilyon rubl təşkil edib ki, bu da bir il əvvəlin analoji dövrü ilə müqayisədə 50% azdır.

Ötən illə müqayisədə neft və qaz gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Rusiya Maliyyə Nazirliyi 2023-cü ilin ikinci yarısında neft sektorundan vergi daxilolmalarının tədricən bərpa olacağını gözləyir.

Bu ilin əvvəlində Maliyyə Nazirliyi vergi qanunvericiliyinə dəyişiklikləri açıqlayıb. Dəyişikliklərə əsasən, neft şirkətləri üçün əsas vergilər əvvəlki kimi Rusiyanın “Urals” neft markasının qiymətinə deyil, “Brent”ə uyğun olaraq hesablanacaq.

“Forbes”in sorğusuna qatılan ekspertlər bu ilin iyul-avqust aylarında neft qiymətlərinin tədricən bərpa olunacağını gözləyirlər. “Freedom Finance Global” buna kömək edəcək bir neçə səbəbi vurğulayır: ABŞ-ın ehtiyatlardan neft satışını dayandırması, ABŞ-ın strateji ehtiyatları artırmaq üçün xammal alması, iyul ayında Səudiyyə Ərəbistanında hasilatda azalma və yerli tələbatın pik həddə çatması. Mütəxəssislərin fikrincə, hazırkı şəraitdə neftin qiyməti üçün 70-80 dollar/barel normal göstəricidir.

Son xəbərlər
Digər xəbərlər