7 C
Baku
Thursday, December 12, 2024

Respublikaçılar üçün Tramp problemi

 

Corciya ştatında keçirilən Senat seçkilərinin 2-ci turunda demokratların namizədi Rafael Uornok trampçı rəqibi Herşel Uolker üzərində asan qələbə qazandı. Bununla da demokratlar Senatda komfort üstünlük (51-49) əldə etdilər. (Əvvəl 50-50 idi.) Əslində Uolker qalib gəlsəydi belə, Senatda qüvvələr nisbəti respublikaçıların xeyrinə dəyişməyəcəkdi və 50-50-yə olan bir tabloda demokrat vitse-prezidentin səsi həlledici sayılacaqdı.

Bu nəticənin mövcud Ağ Ev administrasiyası üçün önəmi ondan ibarətdir ki, əvvəlki tərkibdə demokratların mühafizəkar baxışları ilə fərqlənən senatoru Co Mançin bəzi qanun təşəbbüslərinə və təyinatlara qarşı çıxırdı və Co Bayden bu senatoru dilə tutmaq üçün onunla həftələrlə, bəzən aylarla söhbət aparmaq məcburiyyətində qalırdısa, indi bu məcburiyyət ortadan qalxmış oldu.

Ümumilikdə isə sosial-iqtisadi problemlər, inflyasiya və prezidentin zəif reytinqinə baxmayaraq, demokratlar son Konqres seçkilərini mümkün olan ən məqbul nəticə ilə başa vurdular. Demokratların məğlub, respublikaçıların isə qalib sayılmadığı seçkilərin baş uğursuzu Donald Tramp oldu. Onun dəstəklədiyi radikal sağçı “MAGA” (Make America Great Again) namizədləri əksəriyyət etibarilə demokrat rəqiblərinə məğlub oldular.

Corciya seçkiləri Respublikaçılar Partiyasının “Donald Tramp problemi”nin mövcudluğunu bir daha təsdiqləyərək onun liderliyini mübahisələndirməyə güclü əsaslar yaratdı.

Tramp indiyədək qatıldığı hər iki prezident seçkiləridə 47%-dən artıq səs ala bilməyib. (Birinci seçkisində 46.1%, ikincidə 46.8%.) Tramp hakimiyyətə gəlməzdən əvvəl (Obamanın bərbad prezidentliyinin sonlarında) respublikaçılar Senatda 54, Nümayəndələr Palatasında isə 247 yerə sahib idi. Trampdan öncə respulikaçıların 31 qubernatoru var idisə, indi 25-dir. Yəni bu adamın looser olduğu getdikcə daha çox təsdiqini tapır. Artıq respublikaçı elita Trampdan üz döndərib və qarşıdakı prezident seçkilərinin partiyadaxili ilkin seçkiləri üçün alternativ namizəd axtarışına çıxıb. Donorlar da yavaş-yavaş Trampdan uzaqlaşır. Son olaraq dünyanın ən zəngin iş adamı İlon Mask Trampın namizədliyinin əleyhinə çıxaraq Florida qubernatoru Ron Desantisə dəstəyini açıqladı.

Kəndlilərin Tramp sevgisi

Lakin başlıca problem budur ki, partiyanın seçicilərinin bir çoxu, əsasən də kənd yerlərində yaşayan aşağı təhsilli ağ amerikalılar Trampı sevir. Respublikaçı elitaların həll etməli olduğu paradoks bundan ibarətdir ki, həmin kütlə Konqres praymerizlərində (ilkin) trampçı namizədləri seçir, bu isə öz növbəsində qarşılarında Tramp adından çıxış edən namizədi görən demokrat seçiciləri maksimum səfərbər edir, mötədil müstəqillər də demokratlara səs verir. Bu durum prezident seçkilərinə də aiddir. Artıq bəllidir ki, Trampın namizədliyi 2024-ün də uduzulması deməkdir, ümumilikdə bu şəxsin partiyanın lideri qismində ortalıqda gəzdiyi bir durumda respublikaçıların Konqresi qazanması da müşkül məsələdir. Bu səbəbdən qarşıdakı prezident seçkiləri öncəsi praymerizlərdə Trampın qarşısına güclü bir namizədin çıxarılması zərurətə çevrilib. Çoxlu iddiaçılar var, adı önə çıxan siyasətçi isə hələlik öz ambisiyasını ortaya qoymayan Ron Desantisdir.

Trampla bağlı başqa bir xəbər ondan ibarətdir ki, Nyu York andlılar məhkəməsi onun şirkətlərinin vergi fırıldaqçılığını təsdiq edib və şirkətləri bütün ittihamlar üzrə günahkar bilib.

Bir sözlə, respublikaçıların Donald Tramp adlanan “qara yara”dan xilas olması həm partiyanın, həm də ölkənin maraqları baxımından əsas vəzifəyə çevrilib.

HAŞİYƏ: Bir neçə gün əvvəl Donald Trampın oğlu Ukraynada Moskva Patriarxlığına bağlı Pravoslav Kilsəyə qarşı hökumətin həyata keçirdiyi profilaktik tədbirlərə şiddətli şəkildə etiraz edərək Ukraynaya yardımların dərhal kəsilməsi çağırışı ilə çıxış etdi. Bu adamların Rusiya və Putin sevgisi məlum faktdır, amma Ukraynada baş verənləri bu dərəcədə yaxından, gündəlik rejimdə, detallı şəkildə izləmələri məni bir qədər təəccübləndirdi. Putinin Ukraynada məğlub olması ehtimalı Donald Trampı və çevrəsini dəhşətli dərəcədə qorxudur…

 

Müəllif:
Şahin Cəfərli,
siyasi şərhçi

Son xəbərlər
Digər xəbərlər