ABŞ və İran nümayəndələri arasında texniki məsləhətləşmələr davam edir. Bu barədə Reuters agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton İranla bağlı həll yolunun tapılmasına sadiq qalır və tərəflər arasında texniki danışıqlar davam edir.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həlak olub.
İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenştok şəhərində Doha və İslamabadın vasitəçiliyi ilə memorandumun icrası üzrə ABŞ və İran arasında danışıqlar keçirilib.
Qətər və Pakistanın danışıqların ilk raundundan sonra yaydığı birgə bəyanatda görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi, ümidverici irəliləyiş əldə olunduğu, o cümlədən gələcək texniki məsləhətləşmələr üçün əsas yaradıldığı bildirilib.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı hava zərbələrini yenidən başladıb.







