ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflər Amerika yarımkeçirici avadanlıq istehsalçılarına ildə 1 milyard dollardan çox başa gələ bilər, “Reuters” yazır. Bildirilir ki, ABŞ-nin ən böyük yarımkeçirici avadanlıq istehsalçıları olan “Applied Materials AMAT”, “Lam Research” və “KLA” hər biri tariflərə görə ildə təxminən 350 milyon dollar zərər çəkəcək.
Agentliyin hesablamalarına görə, kiçik müəssisələr isə on milyonlarla dollar əlavə xərclərlə üzləşəcək.
“Politico” daha əvvəl bildirmişdi ki, Tramp ABŞ Ticarət Nazirliyinə yarımkeçirici texnologiyaları sektorunda araşdırma aparmağı əmr edib. Respublikaçı həmçinin gələn həftə yarımkeçirici istehsalçılarına qarşı yeni tariflər elan edəcəyini təsdiqləyib.
Qeyd edək ki, Trampın potensial qərarı ABŞ və Şərqi Asiya iqtisadiyyatları arasında gələcək gərginlik üçün zəmin yaradacaq. “Reuters”in daha əvvəl bildirdiyi kimi, ABŞ-nin keçmiş prezidenti Co Bayden Çin şirkətlərinə qabaqcıl yarımkeçiricilər istehsalı avadanlıqlarına ixrac nəzarətini gücləndirdikdən sonra istehsalçılar artıq milyardlarla dollar itiriblər.