Azərbaycanda manatın devalvasiyası və valyuta qıtlığı ilə bağlı hökumətin gördüyü tədbirlər nüfuzlu beynəlxalq KİV-lərin, o cümlədən iqtisadi nəşrlərin də diqqət mərkəzindədir. Banker.azın virtualaz.org-a istinadla xəbər verir ki, “Reuters” agentliyinin London redaksiyası Azərbaycan Mərkəzi Bankının strateji valyuta ehtiyatlarının kəskin azalmasına baxmayaraq ölkənin 34 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarının olduğunu xatırladır. Agentlik bildirir ki, bu ehtiyatların sayəsində Azərbaycan Mərkəzi Bankın azalan ehtiyatları ilə müqayisədə dəfələrlə güclü antiböhran sipərinə malikdir.
“Bununla belə həmin sipərin möhkəmliyi dünya bazarlarında neftin qiymətinin bir barel üçün 30 dollar səviyyəsində var-gəl etdiyi, qiymətin yaxın illərdə kəskin arta biləcəyini göstərən heç bir əlamətin olmadığı bir vaxtda bir daha yoxlanılmalıdır”.
Bildirilir ki, Azərbaycan 2015-ci ildə strateji valyuta ehtiyatlarından 9 milyard dollar xərclədikdən sonra dekabrın sonlarında manatı ikinci dəfə devalvasiya edib. Azərbaycan həmçinin Dövlət Neft Fondunun valyuta ehtiyatlarından bazara dollar çıxarmalı olub. Beynəlxalq reytinq agentlikləri bu fondu böhran dövründə ölkənin kritik valyuta mənbəyi hesab edirlər.
“Əgər Azərbaycan hökuməti Neft Fondunun aktivlərindən manatı sabit saxlamaq üçün istifadə edərsə, Azərbaycanın hazırkı təhlükəsizlik buferi manatı indiki səviyyədə saxlaya bilmək üçün yetərli səviyyədədir”, – Fitch Ratings agentliyinin suveren qrupun direktor müavini Krişyanis Krustinış “Reuters”ə bildirib.
Onun fikrincə, əgər Azərbaycan strateji valyuta ehtiyatlarını neftin kəskin ucuzlaşmağa başladığı 2014-cü ildəki templə xərcləsə, ehtiyatlar 3 il yarım bəs edər.
Krustinış deyib ki, Neft Fondu artan büdcə və ya valyuta ehtiyatlarını təmin etmək üçün öz portfelinin bir hissəsini sürətlə xərcləyib tükədə bilərdi.