Böyük Britaniyada ilk dəfə olaraq Şimali İrlandiyada amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqəsinə görə titulundan məhrum edilmiş Şahzadə Endryunun şərəfinə adlandırılan küçənin adı dəyişdiriləcək.
Banker.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Şahzadə Endryu küçəsi Kraliça II Yelizavetanın (1926-2022) şərəfinə adlandırılacaq.
Britaniya Kralı III Çarlz qardaşı Şahzadə Endryunun “Şahzadə” titulunu və fəxri adlarını rəsmi qaydada ləğv etmək prosesinə başlayıb.
Həmçinin Endryuya Vindzordakı “Royal Lodge” malikanəsini tərk etməsi üçün rəsmi bildiriş göndərilib. Kral ailəsindən verilən açıqlamada qeyd olunub ki, fəxri adların ləğvi üçün rəsmi proses bu gün başladılıb. O, bundan sonra Endryu Mauntbatten Vindzor adı ilə tanınacaq.
Bəyanatda, həmçinin vurğulanıb ki, bu qərarlar Endryunun özünə qarşı irəli sürülən iddiaları inkar etməsinə baxmayaraq, zəruri hesab olunur.
Məlumata görə, Endryu bundan sonra Kral ailəsinə məxsus Sandrinham ərazisindəki bir mülkiyyətə köçəcək və yaşayış xərcləri Kral tərəfindən şəxsi vəsaitlə qarşılanacaq.







