Pərakəndə investorların 13%-i hara yatırım etmək barədə ChatGPT, Gemini və digər çat-botlardan məsləhət alırlar, bu barədə “eToro” broker şirkətinin araşdırmasına istinadən “Reuters” yazır. Sorğuda müxtəlif ölkələrdən 11 min pərakəndə investor iştirak edib. Onların təxminən yarısı gələcəkdə də səhmlərin alqı-satqısı ilə bağlı qərar qəbul edərkən bu cür alətlərdən istifadə edəcəyini bildirib.
“Finder” şirkətinin apardığı başqa bir sorğuya görə, Böyük Britaniyada respondentlərin 40%-i şəxsi maliyyə məsələlərində məsləhət almaq üçün çat-botlardan və digər süni intellekt alətlərindən istifadə edir. Daha ixtisaslaşmış həllər də inkişaf edir: “Research and Markets”in proqnozuna əsasən, alqoritmik sistemlər və robot-maliyyə məsləhətçiləri bazarı 2029-cu ilə qədər 600% böyüyəcək və dövriyyəsi 470 milyard dollardan çox olacaq.
“Süni intellekt modelləri çox faydalı ola bilər. Risk isə o vaxt yaranır ki, insanlar ChatGPT və ya Gemini kimi əsas modellərə sehrli kristal kimi yanaşmağa başlayırlar”, — deyə “eToro”nun Böyük Britaniya üzrə rəhbəri Den Moçulski bildirib. Onun sözlərinə görə, maliyyə sahəsi üçün nəzərdə tutulmayan bu cür alətlər məlumatları təhrif edə bilər.
“UBS bank”ın keçmiş analitiki Ceremi Lün də şəxsi portfelinə səhmlər seçərkən ChatGPT-dən istifadə etdiyini açıqlayıb. Buna baxmayaraq, o, təcrübəsiz investorları bu alətlərə həddən artıq inanmamağa çağırıb. “Əgər insanlar yalnız süni intellekt vasitəsilə investisiya etməyə öyrəşsələr və bununla pul qazansalar, böhran və ya eniş dövründə çətin vəziyyətə düşə bilərlər”.