Pakistan İran və ABŞ arasında dərhal atəşkəs, Hörmüz boğazının açılması və hərtərəfli razılaşmanın bağlanmasını nəzərdə tutan çərçivə sənədi hazırlayıb. Bu barədə mənbəyə istinadən “Reuters” yazır. Eyni zamanda, adı açıqlanmayan iranlı rəsmi agentliyə bildirib ki, sülh əldə olunmayınca İran boğazı açmayacaq.
Pakistanın təklifinə görə, atəşkəs dərhal qüvvəyə minməli, növbəti 15–20 gün ərzində isə tərəflər sülh sazişi üzrə danışıqları başa çatdırmalıdır. “Reuters”in məlumatına əsasən, ötən gecə Pakistan ordusunun baş komandanı Asim Münir ABŞ-nin vitse-prezidenti Cey Di Vens, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi ilə danışıqlar aparıb.
“Reuters”in yayımından əvvəl “Axios” mənbələri bildirirdi ki, ABŞ, İran və vasitəçi ölkələr — Türkiyə, Pakistan və Misir — 45 günlük atəşkəsin şərtlərini müzakirə edir və bundan sonra sülh razılaşması əldə oluna bilər. Reuters-in iranlı mənbəsi vurğulayıb ki, Tehran hələ də bu təklifi nəzərdən keçirir.
Aprelin 4-də Donald Tramp İran hakimiyyətinin 48 saat ərzində razılaşmaya getməyəcəyi təqdirdə “cəhənnəm”lə hədələmişdi. “Axios”un yazdığına görə, ABŞ prezidenti ultimatumun müddətini daha bir gün uzadıb. O, həmçinin razılaşmanın artıq bu gün əldə oluna biləcəyini istisna etməyib. Aprelin 6-sı səhər saatlarında İran XİN-in nümayəndəsi İsmayıl Bəqai vasitəçilərin təkliflərinə cavabın artıq formalaşdırıldığını bildirib, lakin əlavə detalları açıqlamayıb.







