9 C
Baku
Wednesday, March 11, 2026

Reuters: “Shell” və “TotalEnergies” Qətərdən LNG tədarükü üzrə fors-major elan edib

Qətərin milli neft-qaz şirkəti “QatarEnergy”nin bir sıra müştəriləri, o cümlədən Böyük Britaniyanın “Shell” və Fransanın “TotalEnergies” şirkətləri Qətərdən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə fors-major elan ediblər. Bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Bundan əvvəl “QatarEnergy” Ras-Laffan və Mesaid şəhərlərində yerləşən sənaye obyektlərinə hücumdan sonra LNG və əlaqəli məhsulların istehsalını dayandırdığını bildirmişdi. Şirkət həmçinin LNG istehsalının dayanması səbəbindən müştərilərini fors-major halının yaranması barədə məlumatlandırıb.

Qətərin Müdafiə Nazirliyinin məlumatına görə, “QatarEnergy” obyektləri İran ərazisindən buraxılmış pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Martın 3-də şirkət karbamid, polimerlər, metanol, alüminium və digər emal məhsullarının istehsalının müvəqqəti dayandırıldığını elan edib.

Qətər dünyada LNG-nin ən böyük üç ixracatçısından biridir. Ölkənin şimalında, Dohadan təxminən 80 km məsafədə yerləşən Ras-Laffan sənaye klasterində qazın mayeləşdirilməsi, saxlanması və ixracı üzrə əsas güclər cəmləşib. Kompleksin infrastrukturu illik təxminən 77 milyon ton gücündə 14 LNG istehsal xəttini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər