Rusiyanın “Lukoyl” şirkəti ABŞ-nin sanksiyalarına məruz qaldıqdan sonra xarici ölkələrdəki aktivləri ilə bağlı alıcılardan bir neçə müraciət alıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İddia edilir ki, Rusiyanın neft nəhənginin Bolqarıstandakı neftayırma zavodunu Azərbaycanın SOCAR və Türkiyənin “Cengiz Holding” şirkətləri almaq istəyir. Bildirilir ki, bu şirkətlər hələ “Lukoyl”a qarşı sanksiyalar tətbiq edilməzdən əvvəl zavodun alınması üçün müraciət ediblər.
Türkiyə mətbuatına görə isə “Cengiz Holding” neftayırma zavodunu almağa hələ də namizəd olaraq qalır.
“Lukoyl”un xarici ölkələrdəki digər aktivlərini İtaliyanın “Eni”, Böyük Britaniyanın “Shell”, ABŞ-nin “Chevron” və Qazaxıstanın “KazMunayGas” şirkətlərinin almaq istədiyi bildirilir.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Sanksiyaların tətbiqindən sonra “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.







