“Tesla”nın direktorlar şurasının üzvləri şirkətin səhmləri şəklində aldıqları mükafatlar hesabına ümumilikdə 3 milyard dollardan çox gəlir əldə ediblər. Bu mükafatlar əsasən səhm alışı üzrə opsionlar formasında verilib. “Equilar” şirkətinin məlumatlarına görə, “Tesla” rəhbərliyinin 2004-cü ildən bəri (şirkət 2003-cü ildə yaradılıb) nə qədər qazandığını hesablayıb. Agentlik qeyd edir ki, direktorlar şurası üzvlərinin əldə etdiyi məbləğlər ABŞ-nin iri texnoloji korporasiyalarında rəhbərlərə ödənilən adi mükafatlardan xeyli yüksəkdir.
Belə ki, “Tesla”nın təsisçisi və baş icraçı direktoru İlon Maskın qardaşı Kimball Mask bu illər ərzində təxminən 1 milyard dollar qazanıb. Direktorlar şurasının digər üzvləri Ayra Erenprayz və Robin Denholm müvafiq olaraq 869 milyon və 650 milyon dollar əldə ediblər. “Reuters”in qeyd etdiyinə görə, opsionların böyük hissəsi 2020-ci ilə qədər verilib, çünki 2020-ci ildə şirkətin səhmdarları rəhbərliyi həddindən artıq yüksək mükafatlarda ittiham edərək məhkəməyə müraciət ediblər. Eyni zamanda, 2018–2020-ci illərdə direktorlar şurasının bir üzvü orta hesabla nağd və səhm şəklində 12 milyon dollar alıb ki, bu da mükafatların həcminə görə ikinci yerdə qərarlaşan Alphabet korporasiyası ilə müqayisədə səkkiz dəfə çoxdur.
“Tesla” dəfələrlə İlon Maskın özünə də iri həcmli mükafatlar təqdim edib. 2018-ci ildə “Tesla” onunla razılaşma imzalayıb; bu razılaşmaya əsasən, şirkətin bazar kapitallaşması 100 milyard dollara çatdıqdan sonra hər əlavə 50 milyard dollarlıq artım üçün Mask “Tesla” səhmlərinin 1%-ni alacaq. Lakin 2024-cü ildə Delaver ştatının məhkəməsi cənab Mask üçün nəzərdə tutulan bu bonusun ödənilməsini bloklayıb. Sentyabr ayında isə şirkət rəhbərliyi bildirib ki, qarşıya qoyulan şərtləri on il ərzində yerinə yetirəcəyi təqdirdə, Maska 1 trilyon dollar ödəyəcək.







