Warner Bros Discovery (WBD) Paramount Skydance-in şirkəti təxminən 60 milyard dollara (təxminən bir səhm üçün 24 dollar) almaq təklifini rədd edib. Bu barədə Reuters məlumat yayıb. Xəbərin ardından WBD-nin səhmləri 21 oktyabr ticarət sessiyasında 11% bahalaşaraq 20,33 dollara yüksəlib. Şirkət bildirib ki, satış üçün müxtəlif variantları nəzərdən keçirir. Potensial alıcılar arasında Comcast və Netflix də var, lakin analitiklər hesab edirlər ki, nəticədə alıcı elə Paramount ola bilər.
Danışıqların təfərrüatları
Mənbələrin Reutersə bildirdiyinə görə, Warner Bros Discovery-nin Direktorlar Şurası Paramount Skydance-in 60 milyard dollarlıq təklifini rədd edib. Digər mənbə isə bildirib ki, WBD-nin aktivləri — Warner Bros kino və televiziya studiyaları, CNN və digər kabel kanalları, eləcə də HBO Max streaming platforması — həmçinin Comcast korporasiyasının da maraq dairəsindədir. Comcast həmçinin Universal studiyasına sahibdir.
Paramount Skydance-in baş direktoru Devid Ellison WBD-ni almaq niyyətində olduğunu açıqladıqdan sonra CNBC xəbər verib ki, bu satınalmada Netflix də maraqlıdır. Reuters Netflix-ə şərh üçün sorğu göndərib, lakin nə Warner Bros, nə də Paramount bu barədə açıqlama verməyib.
Şirkətlərin planları
Warner Bros Discovery aşağıdakı aktivlərə sahibdir: Warner Bros. studiyası, CNN, DC Comics franşizası və HBO daxil olmaqla bir sıra kanallar. Paramount isə Paramount Pictures studiyasına və CBS, Comedy Central, MTV kimi televiziya şəbəkələrinə malikdir.
İyun ayında Warner Bros. şirkəti elan etmişdi ki, fəaliyyətini iki bölməyə ayırmağı planlaşdırır:
- birinci bölmə — CNN, TNT Sports və Discovery daxil olmaqla kabel kanalları,
- ikinci bölmə isə HBO, HBO Max axın platformaları və Warner Bros. kino istehsalı ilə məşğul olacaq.
Şirkət 21 oktyabrda bəyan edib ki, direktorlar şurası bir neçə variantı nəzərdən keçirəcək: planlaşdırılan bölünmə, bütün şirkətin satışı və ya ayrı-ayrı bölmələrin — Warner Bros və ya Discovery Global — satış variantı.
Alternativ variant kimi, Warner Bros və Discovery Global-ın bir-birindən ayrıldığı yeni strukturun yaradılması da müzakirə olunur. Reuters qeyd edir ki, istənilən satış razılaşması alıcıya həm böyük bir kino studiyasına, həm də aparıcı axın xidmətinə nəzarət imkanı verəcək, amma bununla yanaşı, 35 milyard dollarlıq borc yükünü də üzərinə götürəcək.
Analitiklərin qiymətləndirməsi
eMarketer-in baş analitiki Ross Benes hesab edir ki, “bu şirkəti alma ehtimalı ən çox Paramount-a məxsusdur. Netflix üçün satınalma yalnız bölünmədən sonra daha məqsədəuyğun olacaq, çünki studiya onun üçün dəyərli aktivdir, kanallar isə o qədər də yox.”
Bank of America analitiki Cessika Reyf Erlih WBD-nin dəyərini bir səhm üçün 30 dollar səviyyəsində qiymətləndirib və qeyd edib ki, şirkət satınalma təklifləri barədə açıqlama vermir.
O, investorlar üçün yazdığı qeyddə əlavə edib:
“Şirkətin zəngin intellektual mülkiyyəti (Harry Potter, DC, The Lord of the Rings, Game of Thrones və s.) və geniş media kitabxanası Warner Bros-u hələ də son dərəcə cəlbedici bir satınalma hədəfinə çevirir.”
Qeyd edək ki, Warner Bros Discovery bundan əvvəl Paramount-un 20 dollarlıq ilkin təklifini də rədd etmişdi.
Birləşmə bazarı dəyişə bilər
The Wall Street Journal sentyabrda yazmışdı ki, Paramount Skydance WBD-ni almaq üçün təklif hazırlayır. The Guardian isə qeyd etmişdi ki, bu razılaşma baş tutsaydı, iki nəhəng Amerika media konqlomeratı — iki Hollivud studiyası — birləşmiş olardı.
The Guardian hesab edir ki, Paramount və WBD-nin birləşməsi ABŞ əyləncə və media sənayesində inqilabi dəyişiklik yaradacaq — South Park, Superman, CNN, 60 Minutes kimi məşhur televiziya, kino və xəbər brendlərini birləşdirəcək.
Paramount Skydance-in WBD-ni almaq planı, Devid Ellisonun prodüserlik şirkəti Skydance-in Paramount ilə birləşmə sazişini bağlamasından cəmi bir ay sonra formalaşmağa başlayıb.
Digər potensial oyunçular
Comcast hazırda öz kabel kanallarını — NBCUniversal, USA Network, CNBC və digərlərini — Versant adlı yeni şirkətə ayırmaq üzərində işləyir. Bu şirkətin 2025-ci ilin sonuna qədər yaradılması planlaşdırılır.
S&P Global Market Intelligence Kagan analitiki Set Şeyferin fikrincə, potensial alıcılar — Paramount, Comcast, Netflix, Amazon və Apple — WBD-ni tam şəkildə almağı daha məqsədəuyğun sayırlar, nəinki onun yalnız axın və kino aktivlərini sonradan əldə etməyi.
Ellison ailəsinin ambisiyaları
Reuters yazır ki, Paramount-un Skydance tərəfindən alınmasından sonra əldə olunan uğurlar Ellison ailəsinin qlobal media məkanında liderliyə can atdığını göstərir.
Analitiklər qeyd edirlər ki, Devid Ellison atasının — Oracle-ın həmtəsisçisi və dünyanın ikinci ən varlı adamı Larri Ellisonun (Forbes Real-Time reytinqinə görə sərvəti 333,8 milyard dollar) maliyyə imkanlarına arxalanaraq bu riskə gedə bilər.
Mütəxəssislər hesab edirlər ki, bu il sərvəti 400 milyard dolları keçərək tarixdə ikinci belə nəticəyə çatan Larri Ellisonun ABŞ Prezidenti Donald Tramp ilə yaxın əlaqələri, potensial satınalma prosesindəki bürokratik maneələrin və tənzimləyici diqqətin azaldılmasına da kömək edə bilər.