“Reuters”in məlumatına görə, Yaponiya ekoloji təmiz enerjidən istifadə edən şirkətlərin dəstəklənməsi üçün 210 milyard yen (1,34 milyard dollar) ayırmağı planlaşdırır. Bu addım ona olan tələbatı stimullaşdırmaq və regionların inkişafını sürətləndirmək məqsədi daşıyır.
Subsidiyalar dünyada karbon qazı emissiyalarının həcminə görə beşinci yerdə olan ölkənin təmiz enerji sahəsində qarşıya qoyduğu hədəflərə çatmasına və külək və günəş enerjisi layihələrinin reallaşdırılmasındakı uğursuzluqlardan sonra idxal olunan fosil yanacaqlardan asılılığını azaltmasına kömək etməlidir. Bu barədə Yaponiya İqtisadiyyat Nazirliyinin “yaşıl transformasiya” məsələləri üzrə qrupunun direktoru bildirib. Onun sözlərinə görə, proqram 2026-cı maliyyə ilindən başlayaraq beş il ərzində vəsait ayrılmasını nəzərdə tutur. Tamamilə ekoloji təmiz elektrik enerjisindən asılı olan və onun istehsal olunduğu regionların inkişafına töhfə verən şirkətlər kapital xərclərinin yarısına qədərini əhatə edən subsidiyalara iddia edə biləcəklər.
Yaponiya 2040-cı ilə qədər bərpa olunan enerji mənbələrinin ölkənin elektrik enerjisi balansında payını 50%-ə, atom energetikasının payını isə 20%-ə çatdırmağı hədəfləyir. 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 22,9% və 8,5% təşkil edib.
Agentliyin qeyd etdiyi kimi, Yaponiyada bərpa olunan enerji mənbələrinin inkişafı ləngiyib, çünki dənizdə külək elektrik stansiyalarının tikintisi layihələri xərclərin kəskin artması ilə, iri günəş elektrik stansiyalarının inşası isə yerli əhalinin müqaviməti ilə üzləşib. Yeni dəstək tədbirləri cari ildə təsdiqlənmiş və dekarbonizasiya ilə sənaye siyasətini birləşdirən Yaponiyanın GX 2040 strategiyasının tərkib hissəsidir.








