Britaniyanın fintex startapı “Revolut” işçilərinin bir qisminin səhmlərini sata bilməsi üçün 75 milyard dollar qiymətləndirmə ilə ikincili kütləvi təklifə (SPO, Secondary Public Offering) başlayıb, bu barədə şirkətin sənədlərinə istinadən “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, “Revolut” hər bir səhmi 1381.06 dollar qiymətinə satmağı planlaşdırır. Beləliklə, London şirkətinin əməkdaşları öz səhmlərinin 20%-ə qədərini sata biləcəklər.
Həm yeni, həm də mövcud investorlar sövdələşməyə maraq göstəriblər. Agentliyin mənbəsi vurğulayıb ki, şirkət mütəmadi olaraq işçilərinə likvidlik əldə etmək imkanları yaradır.
“Revolut” startapı 2015-ci ildə Rusiya əsilli Nikolay Storonski tərəfindən təsis edilib. 2018-ci ildə bank Litvada Avropa İttifaqı lisenziyası alıb, 2021-ci ildə isə Böyük Britaniyada lisenziya almaq üçün müraciət edib.
Bununla belə, şirkət Böyük Britaniyada bank fəaliyyəti ilə məşğul olmaq üçün yalnız 2024-cü ilin yayında icazə alıb.
Təkrar səhm satışı şirkətə yeni səhmlər buraxmadan mövcud investorlara öz səhmlərini başqalarına satmaq imkanı verir. Qeyd edək ki, ötən il təkrar səhm satışına ABŞ investorları olan “Coatue”, “D1 Capital Partners” və “Tiger Global” rəhbərlik edib.