“Financial Times”ın məlumatına görə, Böyük Britaniyanın fintex şirkəti “Revolut” ABŞ-də bank lisenziyası almaq üçün müraciət etməyi planlaşdırır. Maliyyə əməliyyatları, pərakəndə kreditləşmə, qiymətli kağızlarla ticarət və digər xidmətlər göstərən “Revolut” daha əvvəl ABŞ-də fəaliyyətini yerli banklardan birini satın almaq yolu ilə genişləndirməyi nəzərdə tuturdu. Lakin FT yazır ki, şirkət rəhbərliyi indi başqa variant seçib və Donald Tramp administrasiyasının bu cür müraciətlərin təsdiqinə “daha yumşaq yanaşması”nın ABŞ-də genişlənmə üçün daha sürətli yol olacağına ümid edir.
Məlumatlı, lakin adları açıqlanmayan mənbələrin sözlərinə görə, bu qərarın daha bir səbəbi ondan ibarət ola bilər ki, yerli bankın alınmasından sonra britaniyalı fintex şirkəti ABŞ-də mövcud fiziki bank şöbələrini saxlamaq və ya yenilərini açmaq məcburiyyətində qala bilərdi. Bundan əlavə, yerli bankın alınması ABŞ-nin tənzimləyici qurumları ilə qarşılıqlı əlaqə tələb edəcəkdi; həmin qurumlar isə hədəf kredit təşkilatının sahibinin dəyişməsini təsdiqləməli olacaqdı.







