Böyük Britaniyanın “Revolut” fintex startapı Hindistan bazarına çıxdığını bildirib. Belə ki, şirkət “Unified Payments Interface” (UPI) və “Visa” sistemləri ilə inteqrasiya vasitəsilə hindistanlı istifadəçilərə ölkə daxilində və xaricdə ödənişlər etməyə imkan verəcək.
İlkin mərhələdə britaniyalı şirkət bu ilin sonuna doğru gözləmə siyahısında olan 350 min müştəri üçün xidməti istifadəyə verəcək, daha sonra isə digər istifadəçilər üçün əlçatan olacaq. “Revolut” həmçinin Hindistanda öncədən ödənilən kartlar və rəqəmsal pul kisəsi (digital wallet) istifadəyə verəcək. Bu barədə şirkətin Hindistan bölməsinin rəhbəri Paroma Çatterci bildirib. Onun sözlərinə görə, şirkət 2030-cu ilə qədər ölkədəki müştəri sayını “məqsədyönlü gənclik” hesabına 20 milyona çatdırmağı planlaşdırır.
Hindistanın məlumat suverenliyi ilə bağlı qanunlarına riayət etmək məqsədilə “Revolut”” texnologiyaların lokallaşdırılmasına 40 milyon funt sterlinqdən (53,7 milyon dollar) çox vəsait yatırıb. Bu, şirkətin bu cür addım atdığı yeganə bazardır. Hindistanda “Revolut”un valyuta əməliyyatları üzrə xidmət lisenziyası da mövcuddur.
Sentyabr ayında “Revolut” onilliyin sonuna qədər 30 yeni bazara daxil olmağı və ümumi istifadəçi sayını 100 milyona çatdırmağı planlaşdırdığını açıqlayıb. Şirkət bu məqsədlə 13 milyard dollar sərmayə qoymağı nəzərdə tutur.
“Revolut” 2015-ci ildə Londonda Nikolay Storonski və Vladislav Yatsenko tərəfindən təsis edilib. Şirkətin tətbiqindən hazırda dünyada 60 milyondan çox istifadəçi yararlanır.