Amerikanın ən böyük hedcinq fondu “Bridgewater”in təsisçisi milyarder Rey Dalio, ABŞ-nin Donald Trampın rəhbərliyi altında 1930-cu illəri xatırladan avtokratik siyasətə doğru getməsi və bir çox investorların prezidentin siyasəti haqqında danışmaqdan qorxması ilə bağlı narahtlığını ifadə edib.
Dalio “Financial Times”a verdiyi müsahibədə artan sərvət və dəyər arasındakı boşluğun, eləcə də ictimai etimadın azalmasının ABŞ-də daha radikal siyasi qərarlara səbəb olduğunu söyləyib.
“Hesab edirəm ki, ölkədəki mövcud siyasi və sosial vəziyyət 1930-1940-cı illərdə dünyada baş verənlərə bənzəyir”, – Dalio vurğulayıb.
O qeyd edib ki, dövlətin özəl sektora müdaxiləsi, məsələn, Trampın çip istehsalçısı “Intel”də 10% pay almaq qərarı maliyyə və iqtisadi vəziyyətə nəzarəti hədəfləyən avtokratik liderliyin ifadəsidir.
ABŞ-nin makro hedcinq fondlarının ən tanınmış investorlarından biri Trampın qubernatorlarından birini işdən çıxarmasından sonra Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyinə təhdidlər barədə də xəbərdarlıq edib ki, bu da maliyyə ekspertləri arasında narahatlıq yaradan görünməmiş bir addımdır.
Dalio hesab edir ki, faiz dərəcələrini aşağı saxlamaq məcburiyyətində qalan FED, valyutanın sabitliyinə inamı sarsıdır və dollar borcunu investorlar üçün daha az cəlbedici edir, bu da öz növbəsində ənənəvi pul sistemini zəiflədir.
İnvestorlar pulları dövlət istiqrazlarından qızıla köçürməyə başlayıblar ki, bu da maliyyə bazarlarında qeyri-sabitliyin başqa bir əlamətidir.
Dalio onu da qeyd edib ki, illərlə davam edən böyük büdcə kəsiri və dövlət borcunun qeyri-davamlı artımı ABŞ iqtisadiyyatını borc böhranının astanasına gətirib. O, xəbərdarlıq edib ki, Trampın yeni maliyyə planında böyük xərclər üç il ərzində böhrana səbəb ola bilər.
İnvestorlar dövlət istiqrazlarının təhlükəsizliyinə şübhə etməyə başlayırlar ki, bu da onlara tələbatın azalmasına səbəb ola bilər. FED çətin seçim qarşısında qalacaq: ya borc defoltu böhranına səbəb ola biləcək faiz dərəcələrinin yüksəlməsinə icazə vermək, ya da pul çap etməyə və digər investorların almaq istəmədiyi borcları almağa başlamaq. Hər iki variant dolların sabitliyinə mənfi təsir göstərə bilər.
O, özünün “böyük dövr” konsepsiyasını misal gətirib ki, bu, ölkələr ciddi münaqişə və risklə qarşılaşdıqda, liderlərinin bazarlara və iqtisadiyyata nəzarətini gücləndirdiyini göstərir. Bu, sağda və solda populizmin güclənməsinə, demokratik yolla həlli mümkün olmayan barışmaz fikir ayrılıqlarının güclənməsinə gətirib çıxarır. Nəticədə, demokratiya zəifləyir və avtoritar idarəçilik güclənir, çünki əhalinin böyük hissəsi hökumətin sistemə nəzarət etməsini və onlara yaxşı şərait yaratmasını istəyir.