14 C
Baku
Tuesday, November 18, 2025

Rey Dalio investorlara portfellərinin 15%-ni qızıla yatırmağı tövsiyə edib

ABŞ-nin ən böyük hedc-fondu “Bridgewater Associates”in qurucusu, milyarder Rey Dalio investorlara portfellərinin təxminən 15%-ni qızıla yatırmağı məsləhət görüb. Dalio bunu 7 oktyabrda, çərşənbə axşamı ABŞ-də hökumətin fəaliyyətinin qismən dayandırılması (şatdaun) fonunda qızılın qiymətinin tarixdə ilk dəfə bir unsiya üçün 4000 dollardan yuxarı qalxandan sonra deyib.

“Bridgewater Associates”in qurucusunun fikrincə, qızıl portfelin şaxələndirilməsi üçün əla vasitədir. “Əgər məsələyə sırf strateji aktiv bölgüsü baxımından yanaşsaq, yəqin ki, portfelinizin təxminən 15%-ni qızıl təşkil etməlidir, çünki bu aktiv ənənəvi portfel komponentlərinin dəyəri azaldıqda özünü çox yaxşı göstərir”, – deyə Dalio bildirib.

Dalio vurğulayıb ki, qızıl valyutanın dəyərsizləşməsi və geosiyasi qeyri-müəyyənlik dövrlərində hedcinq (riskdən qorunma) vasitəsi kimi çıxış edir.

“Qızıl — yeganə aktivdir ki, onu özündə saxlamaq mümkündür və bunun üçün başqasına pul ödəməyə ehtiyac yoxdur,” – deyə milyarder qeyd edib.

O, hazırkı vəziyyəti 1970-ci illərin əvvəlləri ilə müqayisə edib. Həmin dövrdə inflyasiya, dövlət xərclərinin artması və böyük borc yükü “kağız” aktivlərə və fiat valyutalara olan inamı sarsıtmışdı.

CNBC qeyd edir ki, Rey Dalionun tövsiyələri ənənəvi maliyyə məsləhətçilərinin yanaşmasından fərqlənir. Adətən onlar investorların portfelində 60%-in səhm, 40%-in isə istiqraz şəklində paylanmasını tövsiyə edirlər. Bu yanaşmanı dəstəkləyənlər qızılı və digər xammal aktivlərini portfelə yalnız kiçik həcmdə daxil etməyi məsləhət görürlər — aşağı gəlirlilik səbəbindən.

“Bridgewater Associates” fondunun qurucusu Rey Dalio 19,3 milyard dollarlıq sərvətlə “Bloomberg Billionaires Index”də 129-cu yerdə qərarlaşıb. 2022-ci ilin sentyabrında Dalio “Bridgewater Associates” hedc-fondunun rəhbəri vəzifəsini tərk edib. 2025-ci ilin avqustunda milyarder fonddakı son payını sataraq idarə heyətindən də çıxıb.

Nəticədə, Dalio təxminən 50 il əvvəl yaratdığı və dünyanın ən böyük hedc-fonduna çevirdiyi şirkət üzərindəki nəzarətdən tamamilə imtina edib.

Son xəbərlər
Digər xəbərlər