ABŞ-nin ən böyük hedc-fondlarından biri olan “Bridgewater” şirkətinin qurucusu, milyarder Ray Dalio “The New York Times” qəzetinin podkastında bildirib ki, Respublikaçılar Partiyası bu payız keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasına nəzarəti itirmək riski ilə üz-üzədir. Onun sözlərinə görə, bunun nəticəsində ölkədə siyasi və sosial qarşıdurmalar 2028-ci il prezident seçkilərinədək daha da güclənəcək.
O etiraf edib ki, barışmaz fikir ayrılıqlarının yaranacağından ehtiyat edir və bunun qanun-qaydanın qorunmasını təhlükə altına sala biləcəyini düşünür. “Mən narahatam, amma genişmiqyaslı zorakılığı proqnozlaşdırmıram. Zorakılıq böyük miqyas ala bilər. ABŞ-də insanlardan daha çox silah var”, — deyə Dalio əlavə edib.
İnvestor hesab edir ki, ABŞ üçün gözlənilən sarsıntılar büdcə kəsiri, rifah səviyyəsi arasındakı artan fərq və siyasi fikir ayrılıqları ilə bağlı olacaq. Onun fikrincə, yeni geosiyasi sistem və süni intellektin yaratdığı pozuntular da xaosun yaranmasına səbəb olacaq.
“Beş il ərzində nəhəng dəyişikliklər baş verəcək, bütün bu qüvvələr bir nöqtədə birləşəcək. Və bu prosesdən sonra dünya demək olar ki, tanınmaz hala gələcək. Hər şey tamamilə fərqli olacaq, bu isə böyük dəyişikliklər və böyük sarsıntılar dövrü olacaq”, — deyə Dalio xəbərdarlıq edib.
Ray Dalio əlavə edib ki, ABŞ-də mümkün maliyyə böhranı xərcləmə imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq — nə hərbi, nə də sosial ehtiyaclar üçün vəsait qalmayacaq. Onun sözlərinə görə, tələb və təklif arasındakı disbalans faiz dərəcələrinin yüksəlməsinə səbəb olacaq ki, bu da borclanma və maliyyə bazarlarına zərbə vuracaq. Mərkəzi banklar isə buna cavab olaraq pul çap etməyə başlayacaq və nəticədə staqflyasiya mühiti yaranacaq.
Bununla yanaşı, o vurğulayıb ki, qarşıdakı iqtisadi və siyasi perspektivdə məsələyə yalnız “ABŞ qalib gələcək, yoxsa uduzacaq” prizmasından yanaşmaq olmaz. “Bir ölkənin sağlam olması üçün istənilən dövlət cəmi üç şeyi etməlidir və bunu tarix də təsdiqləyir”, — deyə Dalio bildirib.
“Birincisi, uşaqları yaxşı tərbiyə etmək, onların bacarıqlarını və mədəniyyət səviyyəsini inkişaf etdirmək lazımdır. İkincisi, nizam-intizamın hökm sürdüyü, yüksək məhsuldarlığın olduğu və insanların bir-biri ilə anlaşa bildiyi mühit yaratmaq vacibdir. Üçüncüsü isə, nə vətəndaş müharibələrinə, nə də beynəlxalq münaqişələrə qoşulmamaq lazımdır”, — deyə o yekunlaşdırıb.






