10 C
Baku
Thursday, December 12, 2024

“Risk əsaslı sığorta sisteminin tətbiqinə keçid əsas hədəflərimizdən biridir” – ADIF rəhbəri ilə MÜSAHİBƏ

Banker.az Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevdən müsahibə alıb

Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il mayın 14-də Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru təyin edilmişdir. O, ilk öncə bəzi məlumatları bizimlə bölüşərək, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək (xarici valyutada 100 min manat ekvivalentinədək) artırıldığını xatırlatmışdır.

Cənab Piriyevin sözlərinə görə, hazırda əmanətlərin sığortalanması sisteminin və Fondun digər fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılmaqdadır. O, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində Türkiyə, Cənubi Koreya, ABŞ və Kanada kimi ölkələr ilə əlaqələrin qurulduğunu bildirmişdir.

Piriyev Türkiyənin analoji qurumu – Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) ilə Anlaşma Memorandumun imzalaması üçün qardaş ölkəyə səfərin baş tutduğunu bildirmiş və bu faktı çox mühüm göstərici hesab etdiyini qeyd etmişdir. Digər tərəfdən, Fondun icraçı direktoru Cənubi Koreyanın Əmanətlərin Sığortalanması Korporasiyasının (KDIC) rəhbərinin də Azərbaycana səfər edəcəyini bildirmişdir. Beləliklə, Fond xarici əlaqələri dərinləşdirərək beynəlxalq təşkilatları öz layihələrinə cəlb etmək niyyətindədir.

— Tural bəy, az öncə qeyd etdiniz ki, xariclə əlaqələrinizi gücləndirirsiniz. Biz burada xüsusilə  Türkiyə və Cənubi Koreyanın adlarını eşitdik. Bilmək istərdik ki,  ƏSF bu ölkələrdən hansı təcrübəni öyrənəcək?

— Öyrənmək istədiyimiz ən vacib iki məqam var ki, bunların birincisi  risk-əsaslı sığorta modelinə keçid məsələsidir. Hazırda qanunvericiliyin tələblərinə əsasən qorunan əmanətlərin ƏSF tərəfindən sığortalanması üçün iştirakçı banklar tərəfindən sabit sığortalanma dərəcəsi tətbiq edilir.  Lakin, biz artıq risk-əsaslı modelə keçmək istəyirik ki, bankların risk reytinqinə uyğun olaraq onlar üçün fərqli qaydada xüsusi təqvim haqları müəyyən olunsun. Öyrənmək istədiyimiz digər təcrübə isə “Mərkəzləşmiş depozit reyestri”nin yaradılması məsələsidir. Bununla bağlı ilkin addımlar atılmış, həm ölkə daxilindəki qurumlarla, həm də xarici təşkilatlarla görüşlər keçirilmiş, onların fikirləri öyrənilmişdir. Müzakirə etdiyimiz məsələlər nəticə etibarı ilə məqbul hesab edilərsə, dünyada analoqu olmayan bir ilkə imza atmış olacağıq. Xüsusilə qeyd etmək istərdim ki, xarici tərəfdaşlarımız da analoji formanı öz ölkələrində tətbiq etməkdə istəklərini ifadə etmişlər.

— 2020-ci ildə ƏSF zərəri kapital qoyuluşu hesabına ödəmişdir. 2021-ci illə bağlı durum necədir?

2020-ci ildə Fondun yığılmış zərərinin həcmi 878 mln. manata çatmışdır ki, bunun da 602 mln. manatı həmin ildə formalaşmışdır. Belə ki, 2020-ci ildə 4 bank ləğv olunmuşdur və yəqin həmin dönəmdəki rəqəmlərdən xəbəriniz var – təxminən 676 mln. manatlıq kompensasiya ödənişi həyata keçirilməli idi. 2021-ci il ərzində Əmanətlərin Sığortalanması Fondu tərəfindən 104 mln. manat məbləğində mənfəətin yığılmasına nail olunmuş və nəticədə Fondun 104 mln. manat məbləğində yığılmış zərəri azaldılmışdır. Ümumi gəlirlər 113 mln. manat olmuşdur ki, bunun da 50 mln. manatı təqvim haqları, əlavə 50 mln manatı reqres gəlirləri hesabına formalaşmışdır. Biz ləğv edilmiş banklarda kredit yığımlarını artırdıq və avtomatik olaraq reqres tələblərinin daha sürətli şəkildə geri qaytarılmasına başladıq. Bundan əlavə, 1.6 mln manat diskontlaşma (diskontlaşmanın geri qaytarılması) üzrə maliyyə gəlirimiz, 8 mln. manat isə beş ildən artıq əmanətlərin kompensasiya tələbinin – keçmiş öhdəliklərin azaldılması və 2.6 mln. manat məbləğində gözlənilən kredit zərərlərinin bərpası nəticəsində əldə edilən gəlirlər olmuşdur.

Ola bilər sualınıza cavab olaraq digər sualları qabaqlamış olacağam. Nəzərə alaq ki, həmin zamanda Fondun 676 mln. manatlıq kompensasiya öhdəliyi formalaşmışdır. Fondun o dönəmdə olan ehtiyat yığımları 208 mln. manat idi və biz qalan vəsaiti Mərkəzi Bankdan güzəştli şərtlərlə kredit şəklində cəlb etmişdik. İlkin olaraq nəzərdə tutulan rəqəm 480 mln. manat idi. Bu da tranşlarla olacaqdı. Sadəcə biz kredit yığımlarını həddən artıq yüksəltdik və həmin məbləğin cəmi 340 mln. manatını kredit olaraq götürmüşdük. Baxmayaraq ki, biz 2023-cü ildən kredit ödənişlərinə başlamalı idik, lakin həmin məbləğin 50 mln. manatını artıq qaytarmışıq. Bunu da təqvim haqlarının və ilk dəfə olaraq ƏSF-nin qanunvericiliyə uyğun əlavə haqq tətbiq etməsi hesabına qaytara bilmişik.

Qanunvericiliyə görə, Fond borclandığı təqdirdə əlavə haqq tətbiq edə bilər. Hazırda Fondun öhdəliyi 290 mln. manat təşkil edir və bu məbləğ getdikcə azalmaqdadır.

— 2022-ci ildən ləğv olunmuş bankların kreditorları ilə işlərin tamamlanması gözlənilirmi? Bunlar hansı banklardır?

Bəli, gözlənilir. Hazırda ləğvetmə prosesi bitmək üzrə olan banklar mövcuddur. Bu günə qədər ləğvetmə prosesində olan 21 bankın heç birinin ləğvi başa çatmamışdır. Biz ilkin olaraq “Borçalı Bank”ın ləğvetmə prosesini bu il ərzində yekunlaşdırmaq istəyirik. Bu bankla bağlı artıq bütün kreditor tələbləri ödənilmişdir. Bununla yanaşı, ikinci olaraq “Azərbaycan Kredit Bankı”nın ləğvetmə prosesinin yekunlaşdırılması planlaşdırılır. Bu bankda da demək olar ki, bütün kreditor tələblər ödənilmək üzrədir. “Azərbaycan Kredit Bankı”nın ləğvetmə prosesində yalnız bir hal üzrə açıq kreditor tələbi qalmışdır. O tələbi də bu il ərzində bağlamağı və ləğvetmə üçün məhkəməyə müraciət etməyi planlaşdırırıq. Bunu həyata keçirdiyimiz halda bu bir ilk olacaq.

— ƏSF yarandığı gündən indiyə qədər atılan addımlar içində auksionun elektron formata gətirilməsi xüsusi rol oynayır. Şəffaflığın artırılması istiqamətində atılmış bu nəhəng addım sizin gözləntilərinizi doğrultdumu və bu layihə ilə bağlı yeniliklər olacaqmı?

— Doğru vurğuladınız. Məhz şəffaflığın artırılması istiqamətində Fond bir sıra layihələr həyata keçirmişdir ki, iki  layihəni xüsusi vurğulamaq istərdim: elektron auksion və kreditorların elektron platforması.

Ləğv edilən bankların balansında müəyyən aktivlər vardır ki, onlar da kreditorların tələblərini ödəmək üçün satılmalıdır. Bu satış prosesinin ən rahat forması hər kəsə əlçatan olan elektron platformadır. Rəqəmsallaşma dönəminin reallıqlarına uyğun olaraq,  qəzet və digər ənənəvi informasiya vasitələrindən məlumat almaq aktuallığını itirməkdədir. Əvəzində hər kəsin şəxsi mobil telefonu, planşetləri vardır ki,  xəbərləri əsasən onlar üzərindən izləyirlər. Biz də istədik ki, bu vasitə ilə hər kəs üçün daha  əlçatan ola bilək. Şəffaf formada hər kəsin əmlak ala bilməsi üçün  ən yaxşı vasitə elektron hərracdır. Əmlaklar növündən asılı olaraq qruplaşdırılaraq elektron platformada  yerləşdiriləcəkdir. Bunu da bildirim ki, söhbət yalnız daşınan əmlaklardan gedir.

Qəzet və başqa ənənəvi nəşrlərdə bu kimi hərracları elan etməklə elektron platformaların verdiyi imkanlar qədər şəffaflığa nail olmaq mümkün deyildir. Lakin, görülən bu tədbirlər fəaliyyətin ilkin mərhələsidir və hələlik yalnız test versiyasını başa vurmuşuq. Hazırda yekun nəticə barədə danışmaq tez olsa da, ümid edirəm ki, qarşıdan gələn ildə  yekun cavab verə biləcəyik.

İkinci, kreditorların elektron platformasıdır. Onun da test versiyası yekunlaşmaq üzrədir. Kreditorlar bu sistemə daxil olmaqla tələb edilən vəsaitlərin qalıq məbləğini,  kompensasiya ödənişinin gedişatını və gələcək tranşların vaxtını izləyə biləcəklər. Biz 2021-ci il üçün “Royal Bank” və “Dəmir Bank” üzrə  iki tranş ödəniş həyata keçirmişik. E-platfroma tətbiq olunduqdan sonra daha rahat şəkildə vətəndaşlarla ünsiyyət qura biləcəyik.

— Daşınmaz əmlakla bağlı nə qədər vəsait əldə olunmuşdur? Həmin vəsaitlər hara yönəldilmişdir?

— Vəsaitlərin yönəldilməsi qanun çərçivəsində həyata keçirilir. 2021-ci il üzrə cəmi 4 mln. manatlıq daşınmaz əmlak satılmışdır. Bildiyiniz kimi, pandemiya vaxtında nəinki Azərbaycanda, həm də başqa ölkələrdə daşınmaz əmlak alqı-satqısı əhəmiyyətli dərəcədə azalmışdır. Biz bu prosesi tədricən sürətləndirməyi hədəfləyirik. “Banklar haqqında” Qanunun 82-ci maddəsinə uyğun olaraq müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Ardıcıllığa uyğun olaraq, ilk növbədə fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri icra edilir. Daha sonra ardıcıl olaraq digər öhdəliklər və son növbədə təminatsız kreditorların tələbləri icra edilir.

— İndi ölkədə sığortasız əmanətlər var?

Var, təbii ki.

— Varsa, zəhmət olmasa, izah edin bu niyə baş verir və həmin şəxslər bunu başa düşsünlər.

— Sığortalanmış əmanətlərin əhatə dairəsi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Lakin, ümumi olaraq onu deyə bilərəm ki, əmanətin faiz dərəcəsindən, əmanətçinin növündən asılı olaraq iştirakçı banklarda yerləşdirilmiş əmanətlər qorunan və ya qorunmayan ola bilər. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Fondun Himayəçilik Şurası aidiyyəti orqanla razılaşdırmaqla müəyyən edir. Hazırda milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilmişdir. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.

— Hər kəsin yadındadır ki, əvvəllər Fondun vəsaitlərinin qaytarılması prosesində əhali tərəfindən narazılıqlar olurdu, lakin son 1-2 ildə bu cür narazılıqları görmürük. Fond, həmçinin periodik olaraq qaytarılan vəsaitlərlə bağlı hesabat formatında rəqəmləri paylaşır. Bu prosesdə artıq bir neçə ildir ki, ciddi sistemli idarəetmə hiss olunur. Vəsaitlərin bu cür sürətlə qaytarılması, bankların ləğvi prosesinin aparılması, vətəndaş şikayətlərinin cavablandırılması və s. proseslərin idarəetməsində nə dəyişmişdir?

— İndi də olur. Məncə etiraz edənlərdən soruşsaq onlar daha yaxşı cavab verə bilərlər. Biz əsasən əlimizdə olan məlumatların vətəndaşlara əlçatanlığını təmin edirik,  onlarla KİV, sosial şəbəkələr vasitəsi ilə bacardığımız qədər sıx işləyirik,  vətəndaşlardan gələn yazılı, elektron ərizə və sorğulara vaxtında, dürüst və ətraflı cavab veririk. Vətəndaşlar onları maraqlandıran məlumatlara və ya suallara cavab tapmış olurlar.  Mən hesab edirəm ki, biz işimizi vətəndaş yönümlü təşkil etdikcə, onlar da buna adekvat qarşılıq verirlər.

— Azərbaycanda hazırda sığortalanmış əmanətlərin məbləği nə qədərdir?

— 2021-ci ilin sonuna kompensasiya olunan əmanətlərin məbləği 4.8 milyard manat təşkil etmişdir.

— Praktikada Fondun fiziki şəxslərin əmanətlərinə daha prioritet yanaşdığını görmüşük. Amma bankların şirkət, yaxud hüquqi şəxs olan kreditorları da var. Hazırda bu istiqamətdə işlər necə gedir? Bu şəxslərin pullarının qaytarılmasına başlanılmışdırmı? Başlanılmışdırsa, nə qədər qaytarılmışdır?

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun olaraq müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür.

Ardıcıllığa uyğun olaraq, ilk növbədə ƏSF-nin reqres hüququ üzrə tələbləri, daha sonra ardıcıl olaraq digər öhdəliklər və son növbədə təminatsız kreditorların tələbləri icra edilir.

Hüquqi şəxslərin kreditor tələbləri qanunla sığortalanmadığı üçün növbəlik prinsipinə uyğun olaraq qarşılanır.

Qeyd etmək istərdim ki, bu istiqamətdə “Royal bank” üzrə 12-ci tranş, “Dəmir bank” üzrə 2-ci tranş icra olunmuşdur. Bu proses hələ istədiyimiz sürətlə həyata keçirilmir, lakin qeyd edim ki, biz kredit yığımlarını artırırıq və bu yığımlar artdıqca, ödənişlər də müvafiq olaraq daha da sürətlənəcək.

— Risk səviyyəsi yuxarı olanla aşağı olan banklardan eyni təqvim haqları yığırsınız. Gələcəkdə bu konkret  hansı mexanizmlə icra olunacaq?

— Risk-əsaslı sığorta sisteminin tətbiqinə keçid bizim əsas hədəflərimizə daxildir. Bununla bağlı müxtəlif dövlət qurumları ilə, xüsusən də Mərkəzi Bankla qarşılıqlı işləyirik. Digər tərəfdən, risk-əsaslı sığorta sistemini tətbiq edən tərəfdaş ölkələrlə də onların təcrübələrinin öyrənilməsi istiqamətində əməkdaşlıq edirik. Biz də gələcəkdə risk-əsaslı yığım modelinə keçməyi hədəfləmişik ki, bu baş verdikdən sonra  bankların risk reytinqinə uyğun, fərqli qaydada yığım tarifləri müəyyən olunacaq.

— İndiyə qədər bağlanan 21 bank var. Hazırda bu bankların ümumi nə qədər aktivləri var? Bu kreditorların tələbini qarşılaya biləcəkmi?

— Göstəricilər üzrə, bəli, qarşılaya bilər. Amma, təbii ki, həmin göstəricilər reallığı əks etdirirmi, yoxsa yox – bunlar sual doğura bilər. Bunu gedişat göstərəcək. İndidən yalnız proqnoz  vermək olar. Proqnozlar nə qədər düz olacaq, bu ayrı məsələdir. Biz optimist yaxud pessimist ola bilərik bu məsələdə. Bəzi göstəricilər proqnozlaşdırıla bilmir. Amma hazırki göstəricilər üzrə qarşılaya bilər.

—Siz öncə dediniz ki, əsas vəsaitlərin satışından 4 mln. manat əldə olunmuşdur. Amma bilirik ki, yeni qiymətləndirmə ilə növbəti il üçün bahalaşa bilər.

Qeyd etdiyiniz 4 mln. manat bir il ərzində satılmışdır. Ümid edirik ki, belə olacaq, amma daşınmaz əmlak bazarı da qlobal iqtisadiyyatın bir hissəsidir. Volatillik müşahidə oluna bilər. Bahalaşa da bilər, ucuzlaşa da. Biz maksimum dərəcədə əmlakların bazar qiymətləri ilə satılmasına çalışırıq. Çünki maksimum dərəcədə gəlir əldə edərək, onu kreditor tələblərinin ödənilməsinə yönəltmək istəyirik. İstər daşınar, istərsə də daşınmaz əmlakın baha satılmasının tərəfdarıyıq. Maksimum dərəcədə gəlir götürmək istəyirik ki, daha çox kreditorun tələbi bağlanmış olsun.

—Müsahibənin əvvəlində mən maliyyə vəsaitinin cəlbi ilə bağlı məsələyə toxunmuşdum. Amma hazırda bizim fond bazarımız da canlanır. Sizin orada iştirak edərək, istiqraz emissiya etmək niyyətiniz varmı?

Yox, bu hələ ki, planda yoxdur. Müəyyən investisiya layihələrimiz var. Layihə ilə bağlı plan da təsdiq olunmuşdur. Lakin özümüzün istiqraz buraxmaq niyyətimiz yoxdur.

—İnvestisiya planınıza nələr daxildir?

ƏSF özünün ehtiyatlarının bir hissəsini qanunvericiliyin şərtlərinə uyğun olaraq investisiyaya yönəltməyi planlaşdırır. Fond vəsaitlərinin bir hissəsini qanunvericiliyin şərtlərinə uyğun olaraq az riskli və yüksək gəlirli alətlərə yerləşdirməyi düşünürük.

—Ümid edirik, bir daha sığorta hadisəsi baş verməyəcək. Amma bu baş verərsə orta ölçüdə bir bankın kreditorlarının kompensasiyası üçün bu gün Fond özünü hazır hiss edirmi?

—Təbii ki, hazırdır. Bizim yetərincə resursumuz vardır.

 

 

Son xəbərlər
Digər xəbərlər