9 C
Baku
Sunday, December 22, 2024

Risk etmə bacarığı

Risk –  kommersiya fəaliyyətinin əsas və mühüm elementlərindən biridir. Riskin nə olduğunu aydınlaşdırmaq çox vacibdir. Bəşəriyyətin təcrübəsi sübut edir: kim vaxtında risk etməyi bacarırsa,  qazanır.

Cəsarətli siyasətçiləri, cəsur sərkərdələri, qorxmaz sahibkar və mühəndisləri və “cəsarətin hər şeyə qadir olduğunu” təsdiqləyən həyati təcrübələri yada salaq.

Risk – şıltaqlıq və ya “gözəl jest” deyildir. Əksər hallarda risklə əlaqədar qərar qaçılmaz olur, riskli hərəkətlərdən yayınmaq, onlardan imtina etmək mümkün olmur. Əlbəttə ki, arzuolunmaz riski azaltmaq üçün hər bir şey etmək lazımdır, lakin əgər risklə əlaqədar hərəkətlər qaçılmazdırsa, risk elminə və qabiliyyətinə yiyələnərək ehtiyatla risk etmək lazımdır. Elmi təhlil yerli və yersiz risk arasında dəqiq sərhəd çəkməyə, bununla da yerli riskin üstünlüklərindən yararlanmağa imkan verir.

İspan-portuqal mənşəli “risk” sözü elə “sualtı qaya” (əbəs yerə “risk” sözü “rif” sözünə oxşamır), yəni təhlükə deməkdir. Rus dilinin izahlı lüğətində risk sözü altında “bəxtəbəxt, xoşbəxt sonluğa ümid edilərək atılan addım” başa düşülür. Belə tərifdən məlumdur ki – bizi riskə getməyə qeyri-müəyyənlik, vəziyyətin aydın olmaması vadar edir: addım atmaq lazımdır, lakin necə – məlum deyil. Lazımi qədər əsas olmadıqda seçim vacibliyinin faciəsi qərar qəbul etməyə məsul olan hər bir kəsə – iqtisadçı və mühəndislərə, rəhbər və sahibkarlara yaxşı tanışdır.Həm də qərar qəbulu zamanı qeyri-müəyyənlik nə qədər çoxdursa, risk də bir o qədər böyükdür.

Riskin qısa tərifindən belə çıxır ki, birincisi, o, aydın olmayan, qeyri-müəyyən şəraitdə(bəxtəbəxt) hərəkət obrazını ifadə edir, ikincisi yalnız o halda risk etmək lazımdır ki, müvəffəqiyyətə ümid olsun (ümidlə), üçüncüsü riskin gözlənilən müsbət nəticəsi qanunauyğun xarakter daşısın(xoşbəxt sonluq).

Riski doğuran qeyri-müəyyənliklərin səbəbi nədir?

Qeyri-müəyyənliyin birinci səbəbi – Bilməməzlikdir, yəni ətraf mühit haqqında biliklərimizin natamamlığı, çatışmazlığıdır. Bu tip qeyri-müəyyənliklə insan çoxdan, ilk dəfə şüurlu qərarlar qəbul edərkən tanış olub. Axı, hələ o zaman bu, istənilən başlanğıc üçün maneə idi. Təbiət qanunları haqda məlumatsızlıq istehsal fəaliyyətinə mane olur, təsərrüfatı effektiv idarə etməyə imkan vermirdi. İnsanlar var gücləri ilə qeyri-müəyyənliyi həyatlarından qovmağa cəhd etməyə başladılar. Bəşəriyyətin inkişaf tarixi-həm də qeyri-müəyyənliklə mübarizə tarixidir.Təbiətin mürəkkəb hadisələrinin qanunauyğunluqlarını açarkən elm bu qeyri-müəyyənliyin fəaliyyət sahəsini daha da məhdudlaşdırırdı: çayların daşmasının və astronomik hadisələrin səbəblərinin təyin edilməsi, ümumdünya cazibə qüvvəsi və metalların ərimə qanunlarının ixtirası qeyri-müəyyənliyi əhəmiyyətli dərəcədə sıxışdırdı. Onu tamamilə həyatdan çıxarmaq cəhdləri də olmuşdu. “Müəyyən bir məqamda təbiəti canlandıran bütün qüvvələrin məlum olduğu ağıl  və onun tərkib hissələrinin nisbi vəziyyəti… bəşəriyyətin böyük cisimlərinin hərəkətini yüngül atomların hərəkəti ilə birgə bir düsturda əhatə edə bilərdi: onun üçün məlum olmayan heç bir şey qalmazdı, indiki zaman kimi gələcək də onun nəzərləri qarşısında olardı” – dahi fransız alimi Laplas XVIII-XIX əsrlərin sərhəddində yazırdı. Laplasa görə dünyada hər bir şey qabaqcadan müəyyənləşdirilmişdir. Sadəcə dünyanı yaxşıca öyrənmək lazımdır – və qeyri-müəyyənlik üçün yer qalmayacaq. Belə görüşlərin sadəlövhlüyü bu gün hər bir məktəbliyə aydındır.

Təəssüf ki, bilməməzlik, məlumatsızlıq qeyri-müəyyənliyin yeganə səbəbi deyil. Tutaq ki, biz yaxşı məlumatlandırılmışıq və hər şey bizə aydındır. Biz  “hər şeyin yağ kimi gedəcəyindən” əmin ola bilərikmi? Lakin, istisna deyildir ki, vəziyyət qəflətən dəyişə bilər, “mexanizm sıradan çıxa bilər və müəssisənin iqtisadiyyatında kəskin pisləşmə baş verə bilər.” Bizim planlarımıza hansısa qüdrətli və hiyləgər varlıq müdaxilə edir. Qeyri-müəyyənliyin bu yeni mənbəyinin adı – Təsadüfdür.

Oxşar hallarda eyni olaraq baş verməyəni biz təsadüf adlandırırıq, həm də bu dəfə necə olacağını qabaqcadan söyləmək mümkün deyil. Verilmiş hər bir hadisəni planlaşdırmaq mümkün deyil. Əgər biz təsadüfün nəyə gətirib çıxaracığını bilmiriksə, risk yaranır.
Beləliklə biz qeyri-müəyyənliyin hələ ki 2 səbəbi və onlarla bağlı riski nəzərdən keçirdik: Bilməməzlik və Təsadüf. Üçüncü səbəb də var: Əks təsir. Belə ki, əks təsir   müəssisənin planlarının resurslarla təminatının qeyri-müəyyənliyində, təchizatçılar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsində, texnikanın qəzalarında özünü göstərir. Təşəbbüslərə eləcə də məhsula tələbatın qeyri-müəyyənliyi və onun satışının çətinlikləri əks təsir göstərə bilər. Belə münaqişə vəziyyətində əks təsir çox zaman risklə əlaqədar qərar qəbul etmək labüdlüyünə gətirib çıxarır. Belə münaqişələrə misal olaraq yükgöndərənlə yük qəbul edən, inşaatçı və sifarişçi arasında münaqişələri, kollektivdə əmək münaqişələrini qəza nəticələri üzrə mümkün ola bilən istənilən münaqişələri – bir sözlə tərəflərin maraqlarının üst-üstə düşmədiyi bütün halları göstərmək olar.

Riskin başlıca səbəbinin – qeyri-müəyyənlik olduğunu aydınlaşdırdıqdan sonra,bu qeyri-müəyyənliklə və onu doğuran Bilməməzlik, Təsadüf və Əks təsirlə mübarizə aparmağa cəhd etmək  təbiidir.

Bilməməzliklə mübarizə yolları aydındır. Bizim biliklərimiz nə qədər müəyyəndirsə, biz şəraiti nə qədər yaxşı öyrənmişiksə, risk daha azdır. Əbəs yerə informasiya xidməti bazar iqtisadiyyatında mühüm əhəmiyyət kəsb etmir.

Risklə  bağlı məsələnin həllinin alternativlərindən birinin seçilməsi psixologiya tərəfindən öyrənilir. Belə seçimin 2 əsas nəzəriyyəsi mövcuddur. Birinci, bu gün psixoloqların çoxunun tərəfini tutduğu idraki nəzəriyyə- ondan irəli gəlir ki, seçim insan tərəfindən şüurlu olaraq, hər hansı həll alqoritminin qaydalarına əsasən edilir. İkinci, davranış nəzəriyyəsi hesab edir ki, seçim avtomatik, şərti refleks əsasında – insanda stimul və reaksiyalar arasında daha öncə yaranmış assosiasiyalar əsasında həyata keçir. İdraki nəzəriyyənin tərəfdarlarının çoxluğundan o xəbər verir ki, insan aktiv fəaliyyət göstərən,müstqil olaraq məsələnin təsəvvürünü yaradan və qoyulmuş məqsədlərdən asılı olaraq onun həll yollarını hazırlayan subyekt kimi nəzərdən keçirilir. Bununla yanaşı davranış nəzəriyyəsində də keçmiş təcrübə və özündə riski saxlayan situasiyadakı hərəkətlər arasındakı əlaqəni izləmək kimi müəyyən rasional element  mövcuddur. Bu, xüsusən də düşünməyə vaxtın olmaya biləcəyi ekstremal şəraitdə mühümdür.

Alternativ seçimi prosesində insanın istifadə etdiyi qaydalar sistemi  strategiya adlanır. Risklə əlaqədar qərar qəbul edən şəxsdə müəyyən qaydaların olması təlim prosesinin nəticəsidir. Onlar çox müxtəlif ola bilərlər. Qoyulmuş məqsədə mümkün olan ən yaxın dərəcədə yaxınlaşmağa imkan verən strategiyalar optimal adlandırılır. Optimal strategiyanın olması, heç də o demək deyildir ki, hər bir strategiyanın müəyyən reallaşma çətinliyi vardır. Şahmat oyununun müəyyən qayda və ən yaxşı oyun üsullarının bilinməsi hələ uğura zəmanət vermədiyi kimi effektiv strategiyanın olması da o demək deyildir ki, onu müvəffəqiyyətlə tətbiq etmək olacaq. Risklə əlaqədər doğru qərarlar qəbul etmək bacarığı da mühüm əhəmiyyət əldə edir.

Risklə əlaqədar qərar qəbul edilməsi zamanı şəraitin obyktiv amilləri ilə yanaşı, ilk növbədə riskə gedən kommersantın şəxsi keyfiyyətləri ilə müəyyənləşən subyektiv amillər də böyük rol oynayır. Bu xüsusiyyətləri təhlil etməzdən öncə çox elementar görünən bir suala cavab vermək lazımdır: risklə əlaqədar qərarı məhz kim qəbul edir? Lakin bu sual heç də elementar deyil. Qərar qəbul edən şəxs dedikdə biz  alternativ seçimi edən və öz qərarına məsuliyyət daşıyan sistem (şəxs və ya şəxslər) başa düşəcəyik. Yalnız bu iki şərt – seçim və məsuliyyət olduqda tam əsasla demək olar ki, qərar konkret hüquqi şəxs tərəfindən qəbul edilmişdir. Alternativ seçimi iradi rasional fəaliyyətdən, məsuliyyət isə qərar qəbul edən şəxsin müəyyən məqsədə nail olmaqda maraqlı olmasından xəbər verir.

Qərar qəbul edən kommersantların xüsusiyyətlərinin psixoloji təhlili üçün onların xasiyyətinin ümumi və fərdi xüsusiyyətlərini müəyyənləşdirmək və onların qərar qəbuluna təsirini qiymətləndirmək lazımdır.

Qərar qəbul edən şəxsin ümumi xüsusiyyətlərinə məqsədyönlülük, yaddaş sisteminin xarakteristikası, idrak fəaliyyətinin strukturu, alternativ seçimində müəyyən qaydaların (strategiyanın) olması aiddir.

Qərar qəbul edən şəxsin fərdi xüsusiyyətlərinə insanın şəxsi keyfiyyətləri, onun yaradıcı qabiliyyətləri aiddir.

Qərar qəbul edən kommersantların xüsusiyyətlərindən ən mühümünü  nəzərdən keçirək. Bu – məqsədyönlükdür, belə ki, risklə əlaqədar olan qərarlar həmişə məqsədyönlüdürlər. Bu zaman məqsəd dedikdə qərar qəbul edənin əldə etmək istədiyi və faydalılıq kimi müəyyən maraq kəsb edən nəticədir. Məqsədləri eyni olan məsələlərdə qərar müxtəlif ola bilər. Məqsədin olmaması isə qərarı, xüsusən də risklə bağlı olan qərarı mənasız və düşüncəsiz edir.

risk%2021

Məqsədyönlü  sistem (qərar qəbul edən insan və ya insanlar) məqsədyönlü  olmayanlardan bir sıra göstəricilərlə fərqlənir, bunları  məqsədyönlü davranışın meyarları adlandırırlar. Onlardan ən əsasları:

1.Məqsədyönlü sistem   ierarxik sistem əmələ gətirən alt məqsədlər yaratmaq qabiliyyətinə malikdir. Belə ki, əgər son məqsəd məsələnin yerinə yetirilməsinin vaxtının minimallaşdırılmasıdırsa , o zaman alt məqsədlər bu nəticələrə təsir edən dəyişənlərin təhlili ola bilər.
2. Məqsədyönlü sistemlər verilmiş məsələyə uyğun vasitə və metodları seçirlər. Əgər seçilmiş metod nəzərdə tutulan məqsədə aparmırsa, sistem bir qədər sonra onu dəyişir.
3. Əgər qərar prosesi hansısa daxili və xarici şərtlərlə kəsilirsə,məqsədyönlü sistem bir qədər sonra bu qərara yenidən qayıda bilər.
4. Yaddaşa malik olduğu üçün məqsədyönlü sistem təkrarlardan yayına bilir..
5. Əgər qərar qəbul edən sistem qarşısına qoyduğu məqsədə çatırsa, o, məsələni həll edilmiş hesab edərək onun üzərində işi dayandırır.

Praktik olaraq, qərar qəbul edən şəxs bir deyil, bir neçə məqsəd güdür. Birgə qoyulmuş bir neçə məqsəd mürəkkəb zəncir əmələ gətirir. Mürəkkəb zəncirə eyni zamanda, ardıcıllıqla və ya yerləşdirmə metodu ilə nail olmaq olar. Sonuncu metod əvvəlkindən onunla fərqlənir ki, məqsədlərə nail olma ardıcıllığı təkcə qəbul edilmiş qərarla müəyyənləşmir, həm də fəaliyyətin obyektiv şərtlərindən, sutkanın vaxtından, mövsümdən və s. asılı ola bilər. Qərar qəbul edən şəxs bu halda mövcud bioloji hadisələrə – yuxu vaxtı, yemək qəbulu və s. uyğunlaşmalıdır.

Risklə əlaqədar qərar qəbul edən şəxsin fərdi xüsusiyyətləri düşüncənin orijinallığı, həyəcan səviyyəsi, aqressivlik, müstəqillik, ekstravertlik vəintravertlik, eqoizm və s. kimi xüsusiyyətləri əhatə edir.

Qərar qəbul edən ayrı-ayrı şəxslərin özlərində riskə meyl varmı? İnsanları riskdən zəhləsi gedən təkrarsığortaçılara və riskə məmnuniyyətlə gedən macəraçılara bölmək olarmı? Psixoloqların əksəriyyəti hesab edir ki, riskə meyllilik və ya onun inkar edilməsi ümumilikdə şəxsiyyətin xüsusiyyətləri deyildir. Riskə münasibət başlıca olaraq şəraitin şərtləri  və insanın aqressivlik və ya həyəcan səviyyəsi kimi müəyyən fərdi psixoloji xüsusiyyətləri ilə müəyyənləşir. Riskə münasibətdə bu xüsusiyyətlərin ifadəsi müxtəlif ola bilər. Təcrübədən bilirik ki, eyni bir insan öz şəxsi maşınında sürəti sistematik artıran avtomobil sürücüsü, lakin çox ehtiyatlı təsərrüfatçı ola bilər. Bununla yanaşı müasir psixologiyada belə bir fərziyyə vardır ki, müəyyən insan qrupları istənilən riskə eyni cür yanaşırlar.Uğura can atma nəzəriyyəsi də müəyyən dərəcədə yayılmışdır, buna uyğun olaraq qərar qəbul edən şəxsin riskə münasibəti ilk növbədə onun uğura can atması ilə müəyyənləşdirilir. Bu nəzəriyyə insan fəaliyyətinin istiqamətliliyi, gücü və dayanıqlığının təhlilindən irəli gəlir. Belə ehtimal vardır ki, qərar qəbul edən şəxs onda uğura can atma cəhdi uğursuzluqdan qaçmaq cəhdindən çox olduğu hallarda orta risk dərəcəsinə üstünlük verəcək. Uğursuzluqdan qaçmaq cəhdləri  uğura nail olmaq cəhdlərindən çox olduğu hallarda isə riskin alçaq və ya yüksək səviyyələri seçiləcəkdir. Bu üstünlüklər belə izah olunur.

Əgər insan ilk növbədə uğura nail olmağa cəhd göstərirsə, o qərarı elə qəbul edir ki, bütün hallarda özünü uğursuzluqlardan sığortalamış olsun. Qoy uğur kiçik, lakin zəmanətli olsun. Əgər insan ilk növbədə uğursuzluqlardan qaçmaq istəyirsə, o elə qərar qəbul edir ki, bu zaman risk ya ümumiyyətlə olmur, ya da o qədər böyük olur ki, o, öz uğursuzluğunu məsələnin çətinliyi ilə izah edə bilsin. Uğura can atma nəzəriyyəsi eksperimental olaraq dəfələrlə yoxlanılmışdır.

Psixoloqlar tərəfindən risklə bağlı qərarların qəbuluna insanın müəyyən fərdi xüsusiyyətlərinin təsiri ilə bağlı  tədqiqatlar aparılmışdır. Təyin edilmişdir ki, böyük risk dərəcəsinə malik qərarlar daha aqressiv, özünə arxayınlıq hissinə ehtiyacları olan insanlar tərəfindən qəbul edilmişlər. Böyük risk göstərilmiş tələbatların ödənilməsinin  daha çox imkanlarını təmin edir.Kiçik riskə malik ehtiyatlı qərarlar müstəqilliyə və hərəkətlərində böyük inadkarlığa ehtiyac duyan şəxslər tərəfindən qəbul edilmişlər. Müstəqilliyə ehtiyac onun üçün ödənilirdi ki, kiçik risk zamanı qərar qəbul edən təsadüflərdən az asılı olur. İnadkarlıq isə hər bir addımda az uğura baxmayaraq (az risk-az qazanc) sonda lazımi nəticəni əldə etməyə imkan verirdi.

Bununla yanaşı, psixoloji tədqiqatlar göstərmişdir ki, eqoizm, konformizm (uyğunlaşma)  və s. kimi xüsusiyyətlər risklə əlaqədar qərar qəbuluna təsir etmirlər.

Şəxsiyyətin xüsusiyyətləri ilə intellektual bacarıqlar arasındakı əlaqəni təhlil edərək psixoloqlar bu nəticəyə gəlmişlər ki, risklə əlaqədar olan qərar qəbulu zamanı çox sayda alternativ həllər irəli sürə bilən şəxslər adətən öz gücünə inanma, həyəcanlanmanın aşağı səviyyəsi, xarici mühitə köklənmə(ekstravertlik) kimi xüsusiyyətlərə malik olurlar. Digər tərəfdən əks keyfiyyətlər – özünə inamsızlıq, həyəcanlanmanın yüksək səviyyəsi, daxili motivlərə köklənmə (intravertlik) alternativ qərarların generasiyasına səbəb olmur.

Risklə əlaqədar fəaliyyət üçün mühüm psixoloji amillərdən biri də qərar qəbul edən şəxs tərəfindən idarəetmə mənbəyinin qiymətləndirilməsidir. Bu qiymətləndirməyə əsasən qərar qəbul edən şəxsləri 2 qrupa ayırmaq olar: daxili və xarici strategiyaya malik insanlar. Daxili strategiyaya malik insanlar hesab edir ki, uğur və ya uğursuzluqlar ilk növbədə onalrın şəxsi keyfiyyətləri ilə müəyyənləşir: bacarıqlar, iradə, intellektual səviyyə və s. Məhz bu tip insanlar daha çox müstəqillik , eləcə də səriştə və məqsədyönlülük tələb edən vəzifələrə seçilməlidirlər. Xarici strategiyaya malik insanlar belə hesab edirlər ki, onların qələbələri və uğursuzluqları onların təsir göstərə bilmədikləri xarici amillərdən asılıdır. Qərar qəbul edən şəxsin xarici və ya daxili strategiyaya köklənməsi risklə əlaqədar hərəkətlərdə çox böyük əhəmiyyət kəsb edir.

Daxili strategiyaya malik insanlar daha aktiv, qeyri-müəyyən şəraitdə informasiya axtarışında daha məqsədyönlüdürlər. Onlar mürəkkəb, dəyişkən vəziyyətlərdə özlərini daha yaxşı aparır, çətinlikləri daha asanlıqla aradan qaldırırlar. İnsanların bu qrupu alınmış nəticələrin qiymətləndirilməsində daha obyektivdirlər. Daxili strategiyaya malik insanlar orta risk səviyyəli, nadir hallarda isə yüksək risk səviyyəsinə malik qərarlar qəbul edirlər. Bunu onunla izah etmək olar ki, daxili strategiyaya malik insanlar əsasən öz qüvvə və bacarıqlarına arxalanırlar və əsasən təsadüfə pənah gətirmək lazım olan qərarlar qəbul etməyə cəhd etmirlər.

Risklə  bağlı qərar qəbulu zamanı kommersantın şəxsi xüsusiyyətləri ilə yanaşı risk fəaliyyətinin həyata keçirildiyi şərait – mühit amilləri də mühüm rol oynayır.

Qəbul edilən risk qərarına təsir edən mühit amillərini şərti olaraq iki qrupa bölmək olar: verilmiş məsələ ilə bağlı olanlar və bu məsələnin çərçivəsindən kənara çıxanlar.

Birinci qrupa məsələn, qərar qəbulu zamanı meydana çıxan şərait şərtləri aid edilir. İkinci qrupa həll edilən məsələdən asılı olmayaraq mövcud olan amillər aid edilir.

İkinci qrupun amillərinin təsiri tipik standart tövsiyyələrdə nəzərə alına bilər, birinci qrupun amilləri isə qərar qəbul edən şəxsdən qeyri-standart cavablar tələb edir.

İkinci qrupun amilləri daha konservativ, birinci qrupunkular – daha hərəkətli, dəyişkəndirlər.

Mühit amillərinin rolu başlıca olaraq onda özünü göstərir ki, onlar alternativ sayını azalda və bununla da qərar qəbulu zamanı müstəqilliyi məhdudlaşdıra bilərlər.

Psixoloqlar qeyd etmişlər ki, bir sıra mümkün alternativlərin istisna edilməsi qərar qəbul edən şəxsdə müqavimət reaksiyası adlanan cavab reaksiyası doğurur. Onun mahiyyəti insanın, mühitin təsirindən itirilmiş alternativi qaytarma cəhdindədir, bu da onun üçün itki səbəbindən daha cəlbedici görünür.

Şəxsiyyətin mühit şərtlərinin dəyişməsinə reaktiv müqaviməti eləcə də yeni alternativlərin ifadəsində özünü göstərir. Bu halda köhnə alternativlər daha cəlbedici görünürlər. Misal olaraq  bəzi rəhbərlərin köhnə istehsal üsullarına, konstruktorların köhnə ənənəvi konstruktor qərarları və texniki sxemlərə münasibətini və s. göstərmək olar.
Ayrı-ayrı hallarda mühit şərtləri və risk hərəkətləri qərarları arasındakı əlaqə paradoksal xarakter daşıyır. Eksperimentlərlə sübut edilmişdir ki, risklə əlaqədar qərarların qəbul edilməsi zamanı riskin kəmiyyətinə deyil, mümkün nəticənin kəmiyyətinə üstünlük verilir.

Amma risklə  əlaqədar qərar bu şəxs tərəfindən qəbul edilmir və qəbul edilmək üçün digər şəxsə təklif olunursa üstünlük əksinə dəyişir. Son halda riskin kəmiyyətinə aşkar üstünlük verilir.Bu, qəbul edilən qərarın məsələnin məzmunundan asılılığı haqda yuxarıdakı müddəanı təsdiq edir.

Mühitin çətin, stress vəziyyətlərində qəbul edilmiş qərarlara təsiri xüsusi maraq kəsb edir. Çətin vəziyyət sıradakı əsas əlamətlərlə xarakterizə olunur: informasiya yüklənmələri, əngəllər, təhlükələr.

İnformasiya yüklənmələri mühit haqda ,tələb olunan müddətdə təhlil edilməsi mümkün olmayan dolğun məlumatlar axınıdır. İlk baxışda elə gəlir ki, qərar qəbul edən üçün informasiyanın çatışmazlığı, qıtlığı təhlükəlidir, lakin bu belə deyildir. Məlumat çatışmazlığı risklə bağlı qərar qəbulu zamanı tipik, normal haldır. İnformasiya qıtlığı halı üçün qeyri-müəyyən şəraitdə qərar hazırlanması metodları işlənib hazırlanmışdır. İnformasiya yüklənmələrinə gəldikdə isə, onlar qərar qəbul edilməsi üzrə işi bloklayır və əhəmiyyətli dərəcədə çətinləşdirir.
Qərarların qəbulunda əngəl rolunu xarici səbəblər (hava şəraiti və s.), kənar təsir –biz onu əks təsir adlandırırdıq – və ya vaxt çatmamazlığı oynaya bilər. Əngəl şəraitində qərar qəbulu oyun Nəzəriyyəsi aparatı və statistik qərarların istifadəsi ilə həyata keçirilir.

Risklə  bağlı qərar qəbulu zamanı təhlükə dedikdə,  edilmiş seçim nəticəsində qərar qəbul edəni gözləyən müxtəlif fiziki və mənəvi təhlükələr başa düşülür. Təhlükələrin nəticələrinin təhlili oyun Nəzəriyyəsi aparatının istifadəsi ilə həyata keçirilir.

Çətin, sress vəziyyətlərində insan tərəfindən qərar qəbul edilməsinin xüsusiyyətləri barədə xüsusi tədqiqatlar mövcuddur. Bu situasiyaların təsiri birmənalı deyil. Bir tərəfdən stress təsirləri qəbul edilən qərarın keyfiyyətini aşağı salır, digər tərəfdən – müəyyən mobilləşdirici təsir göstərə bilər.

Tədqiqatçılardan biri risklə bağlı qərar qəbulu ilə əlaqədar bir eksperiment keçirmişdir. Şəraitin çətinliyinə sınaqdan keçirilənlərin 2 tip reaksiyası aşkarlanmışdır. Birinci tip –  əngəl və ya təhlükənin tipinə uyğun olan adi, spesifik reaksiyalardır. İkincisi, daha maraqlı tip – qeyri-spesifik reaksiyalardır. Onlar stresin konkret səbəbi ilə bilavasitə bağlı deyillər və 3 tipdə olurlar: mobilləşmə, pozuntu və deformasiya.

Mobilləmə reaksiyası düşüncə çevikliyinin güclənməsi, orijinal assosiasiyaların yaranması hesabına qəbul edilən qərarların keyfiyyətini yaxşılaşdıran xüsusi emosional vəziyyətin yaranmasından ibarətdir. Məsələnin həllinə sərf olunan vaxt azalır, alternativlər və onların nəticələri daha asan tapılır.

Pozuntu reaksiyası qərar qəbulunda müəyyən çətinliklərin yaranmasından ibarətdir. Düşüncə hərəkətliliyi azalır. Alternativlərin sayı azalır, onların nəticələrinin öncədən görülməsi pisləşir. Praktik icrası mümkün olmayan həddən artıq ümumi və aydın hüdudlandırılmamış hərəkət variantları (reaksiyaların qloballığı) seçilir.Bütün bunlara baxmayaraq bu reaksiya qərar qəbul edən şəxs  tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsini istisna etmir.

Deformasiya reaksiyası qərar qəbul edilməsi üzrə fəaliyyətin tam pozulmasından ibarətdir. Seçimin rasional variantını tapmaq qabiliyyəti itir. Qərar stereotiplik əldə edir, güclü emosiyalar, qəzəb və hirs tutmaları əmələ gəlir, özünü idarəetmə itir. Belə hallarda qərar başlıca olaraq təsadüfi amillərdən asılı olur və öz effetivliyini itirir.

Yuxarıda təsvir olunmuş qeyri-spesifik reaksiyaların ardıcıllığı  müxtəlif ola bilər və insanın psixoloji dayanıqlığı  ilə müəyyənləşdirilir, sonuncu özü də həm anadangəlmə keyfiyyətlər, həm də xüsusən  mühüm olan sistematik məşqlərlə müəyyənləşir.

Risklə  bağlı qərar qəbulunda hansı amillərin (fərdi və  ya mühit) müəyyənləşdirici rol oynaması haqda iki nöqteyi-nəzər var. Qərarların formalaşmasında şəxsi keyfiyyətlərə üstünlük verənlər (onları bəzən subyektivçilər də adlandırırlar) iddia edir ki, qəbul edilən qərarlar çox dərəcədə qərar qəbul edən şəxsin keyfiyyətləri ilə əlaqədar olurlar. Uğur və ya uğursuzluq, təkrarsığorta və ya macərapərəstlik – hər şey qərar qəbul edənin psixofizioloji göstəricilərindən, tərbiyəsindən, təhsil və təcrübəsindən asılıdır. Mühit amillərini tərafdarları isə (situasiyaçılar) əksinə, hesab edirlər ki, həlledici amillər şəxsi keyfiyyətlər deyil, qərarın qəbul edildiyi mühitdir. Eyni insan müxtəlif mühitlərdə ya təkrarsığortaçı, ya da macərapərəst ola bilər, ya uğura nail ola, ya da uğursuzluğa düçar ola bilər.

Digər başqa hallarda olduğu kimi bu məsələdə də həqiqət ortadadır: şəxsiyyətin xüsusiyyətləri ilə mühitin şərtləri uyğunlaşdıqda qərar yaranır. Bu amil qruplarının rədd edilməsi və ya natamam qiymətləndirilməsi mənzərəni təhrif edir, düzgün olmayan nəticələrə gətirib çıxarır.

Risklə bağlı qərarlar təkcə mühit və onunla əlaqədar dəyişikliklərdən deyil, həm də qərar qəbul edən şəxsdə mühit barədə hansı təsəvvürün formalaşmasından da asılıdır. Belə alınır ki, qərar qəbul edən mühit haqda məlumatı təkbaşına toplayırsa, öz təcrübəsindən çıxış edirsə onun qərarı daha konservativ, ehtiyatlı olacaq: o, elə alternativlərə üstünlük verir ki, onlarda qazanma ehtimalı çox, uduzma ehtimalı- az olsun.

Son xəbərlər
Digər xəbərlər