“Rixos” Telman İsmayılovun otelinə müştəri çıxdı

Telman İsmayılov, Azərbaycanlı iş adamı

Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində açdığı “Mardan Palace”yə müştəri tapılıb.

Külli miqdarda borc səbəbindən “Halkbank” tərəfindən həbs qoyulan bu otelin “Rixos” otellər qrupuna satılacağı bildirilir.

Məlumata görə, tikintisinə 1,4 milyard dollar xərclənən və dünyanın ən lüks oteli seçilən “Mardan Palace” bir neçə gün sonra yeni sahibinin xidmətinə keçəcək.

“Rixos”un İdarə Heyətinin sədri Fəttah Tamincə bildirib ki, hazırda görüşmələr və danışıqlar davam edir: “Bir-iki məsələni dəqiqləşdirməyə çalışırıq. Bir neçə gün sonra nəticəni ictimaiyyətə elan edəcəyik”.

Xatırladaq ki, “Rixos” brendi Azərbaycan və Gürcüstan bazarındakı fəaliyyətini dayandırıb.