“Rusiya Xarici İşlər Nazirliyinin sığorta ödənişi ilə bağlı açıqlaması 2024-ci ilin dekabrın 25-də Rusiya hava məkanında təyyarəmizin vurulması ilə bağlı baş vermiş qəzanın səbəblərinin araşdırılmasına və istintaqın obyektiv şəkildə yekunlaşdırılmasına kölgə salan bir açıqlamadır”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.
Deputat deyib ki, Rusiya Federasiyası tərəfindən qeydiyyata alınmış sığorta şirkətinin AZAL ilə bağladığı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməsi ilə Rusiya Federasiyasının beynəlxalq hüquqdan irəli gələn dövlət məsuliyyəti və müvafiq dövlət orqanlarının öhdəlikləri tamamilə fərqli mövzulardır: “Sığorta ödənişi Azərbaycanın tələb etdiyi kompensasiyanın təmin edilməsi deyil. İndi bu açıqlamanın yayılması daha çox ictimai rəyi çaşdırmaq cəhdidir. Rusiya Xarici İşlər Nazirliyinin bu açıqlaması qəzanın baş vermə şəraitinin, məsələnin mahiyyətinin və səbəbkarların müəyyən olunmasının və bundan irəli gələn aidiyyəti dövlət orqanlarının daşıdığı məsuliyyətin ört-basdır edilməsinə hesablanmış addımdır. Bu açıqlama Rusiya Federasiyasının suveren hüquqlarını və yurisdiksiyasını həyata keçirdiyi öz hava məkanında təhlükəsizliyi təmin edə bilmədiyinə görə baş vermiş qəzaya görə yaranan məsuliyyəti ört-basdır etmək məqsədi güdür. Rusiya 1944-cü il Çikago Konvensiyasına, 1971-ci il Monreal Konvensiyasına, eləcə də 1993-cü ildə Azərbaycanla imzaladığı hava əlaqəsi haqqında müqaviləyə əsasən, öz hava məkanında Azərbaycana məxsus hava nəqliyyatı vasitələrinin təhlükəsizliyini təmin etmək öhdəliyinə malikdir. Bu öhdəlik Rusiyanın aidiyyəti dövlət orqanları tərəfindən təmin edilmədiyindən, kənar müdaxilə nəticəsində ağır nəticələri olan və çoxsaylı insan itkisinə səbəb olan qəza baş verib”.
Rizvan Nəbiyev qeyd edib ki, Rusiya beynəlxalq müqavilə öhdəliklərinə sadiqliyini göstərməli, rəsmi şəkildə üzr istəməli və dövlət olaraq həm təyyarənin vurulmasına, həm də orada həlak olan şəxslərə və yaralanmışlara kompensasiya ödəmək öhdəliyini qəbul edərək bu istiqamətdə konkret addımlar atmalıdır:
“Bu tələbləri prinsipial şəkildə Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrında bəyan edib və bundan sonra da həm Şuşa Beynəlxalq Forumunda, həm də digər platformalarda ali səviyyədə səsləndirilib. Bu tələblərin tez bir zamanda yerinə yetirilməsi, ikitərəfli münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılmasına xidmət edəcək”.