Robert Kiyosaki bir çox bestsellerlərin müəllifidir və onlardan ən məşhuru “Varlı Ata, Kasıb Ata” adlanır. O həmçinin uğurlu şəxsiyyət, kommersant və investordur. Dünyadakı bir çox sahibkar və investorlar onun fəlsəfəsindən bəhrələnir. Robert Kiyosakinin fəlsəfəsinin əsas ideyası pullara qarşı standart münasibətdən çəkinməkdir.
Onun əsas prinsiplərindən biri belədir: Çalışın ki, siz pullara görə deyil, pullar sizin üçün işləsin.
Həyatın ilkin mərhələsində maaşlı bir işdə işləyərkən öz pullarınızı lazımsız dəbdəbəyə xərcləməyin. Bunun əvəzində pullarınızı gələcəkdə də sizə pul gətirəcək vasitələrə yatırın. Bu vasitələri Robert Kiyosaki AKTİV adlandırır.
Bu AKTİV-lərə bunlar aiddir:
– sahibin iştirakını tələb etməyən biznes,
– səhmlər,
– istiqrazlar,
– qarşılıqlı fondlar,
– gəlir gətirən daşınmaz əmlak,
– veksellər,
– intellektual bacarıqlara görə qonorarlar: musiqi, ssenari, patentlər;
– gəlir gətirə bilən istənilən digər əmlaklar.
Məhz belə aktivlərə pul yatırmaq bir investoru zəngin edir və son nəticədə onun gəlirlərinin həcmini artırır.Bununla yanaşı, Robert Kiyosaki PASSİV anlayışını da təqdim edir və bura pul sərf olunan hər şeyi aid edir. Məsələn bu kreditə götürülmüş mənzil, avtomobil və s. şeylər ola bilər. Robert Kiyosakinin təqdim etdiyi digər termin və anlayışlarla geniş şəkildə onun “Varlı Ata, Kasıb Ata” kitabı vasitəsilə tanış ola bilərsiniz.