“Roshen” şirniyyat şirkəti Ukraynada çoxlu sayda müxtəlif şirniyyat məhsulları istehsal edən nəhəng şirkətlərdən biridir. Şirkət ölkə ərazisində digər məşhur şirkətlərlə birgə “Укрпроминвест” qrupunun tərkibinə daxildir.
Roshen brendinin tarixi 2000-ci ildən başlanıb. İlk olaraq istehsalatçı şirkət “Укрпроминвесткондитер” adını daşıyırdı. Yeni brendin yaradılması ilə isə Ukraynanın “Marketinq texnologiyaları bürosu” məşğul olub. “Roshen” adının şirkətin rəhbəri, ukraynalı siyasətçi Petr Poroşenkonun adından götürüldüyü təxmin edilir. Lakin bundan əlavə, bir çox mütəxəssislər adın haradan götürüldüyünü və necə yarandığını araşdırmağa çalışmış və öz versiyalarını irəli sürmüşlər. Məsələn, bu versiyalardan birinə görə bu şirniyyatların adı qədim dövrlərin şirniyyat sevən “Şirniyyat tanrısı”-nın adından götürülüb.
Brendin adı elə bir şəkildə düşünülüb ki, həm yerli, həm də əcnəbi müştərilər üçün onu tələffüz etmək asan olsun. Rebrendinqin əsas məqsədlərindən biri də gələcəkdə əcnəbi bazarlara çıxmaq arzusu idi. Brendin adının və tərzinin dəyişdirilməsi ilə eyni bir zamanda fabrikin avadanlıqlarının böyük bir hissəsi də yenilənir. O zaman şirkətin 4 fabriki var idi.
Şirkətin fabrikləri hazırda tək Ukraynada deyil, həmçinin Rusiya və Litvada da fəaliyyət göstərir. Bu fabriklərdə istehsal edilən şirniyyat məhsulları ABŞ və Almaniya da daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac edilir. Roshen şirkətinin baş ofisi isə Kievdə yerləşir.