1883-cü il mayın 16-da Bakıda «Xəzər –Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti» (qısaca«Xəzər – Qara dəniz cəmiyyəti») adlı yeni bir şirkət təsis olunur.
Bütövlükdə Fransanın «Rotşild qardaşları» bank evinə məxsus olan bu şirkətin mülkiyyətinə səhm paketi ilə birlikdə Bakının Balaxanı, Sabunçu, Ramana kəndlərində neftlə zəngin olan 19 desyatin torpaq sahəsi, habelə kerosin zavodu da keçir.
Dərhal aktiv fəaliyyətə başlayan şirkət tezliklə 135 xırda və orta müəssisədən Rusiyanın ucqarlarına və xarici ölkələrə göndərmək üçün əlverişli şərtlərlə kerosin alaraq öz əhatə dairəsini genişləndirir.
Rotşildlər kerosinin komisyon satışına müqaviləni müəssisələr üçün güzəştli əsasda bağlayırdılar. Buna görə də əgər 1884-cü ildə şirkətin Bakıdan xaricə apardığı neft məhsullarının həcmi 2,4 mln.pud olmuşdursa, artıq 1889-cu ildə bu göstərici 30 mln. puda çatmışdı.
«Rotşild qardaşları» bank evinin Bakıdakı fəaliyyəti artıq 1890-cı ildə, yəni «Xəzər – Qara dəniz cəmiyyəti» 7 il işləyəndən sonra belə səciyyələndirilirdi: «Çoxları Rotşildin Bakı neft sənayeçilərinin sırasına qatılmasını böyük səbirsizliklə gözləyirdi: onlar ümid edirdilər ki, Rotşild öz kapitalı ilə bütün neft işinə güclü təkan verəcək. O zaman Rotşildin kapitalı çoxlarına xeyli cəlbedici görünürdü… Həqiqətən də, adıçəkilən ticarət evinin peyda olması neft sənayesini xeyli canlandırmışdı».
«Xəzər – Qara dəniz cəmiyyəti»nin yaradıcısı, 1868-ci ildən Paris bank evinə başçılıq etmiş baron Alfons Rotşild (1827–1905) Parisdə çox məşhur bankir Ceyms Rotşildin(1792–1868) oğlu idi. Fransakralı Lui-Filip hökumətə göstərdiyi xidmətlərə görə Ceyms Rotşildi “Fəxri legion” zabiti elan etmişdi. Atasının ölümündən sonra Parisdəki bütün bank işlərini aparmağa başlayan Alfons dünya siyasətində mühüm rol oynayan nəhəng maliyyə kapitalı maqnatı olur. Fransa 1871-ci ildə Prussiya ilə müharibədə məğlub olandan sonra onun təzminatını məhz A.Rotşildin ödədiyini, bununla da Adolf Tyeri Fransa hökumətinin başında məhz onun saxladığını qeyd etmək kifayətdir.
Çar hökuməti A.Rotşildin vasitəsilə Fransada bir sıra istiqrazlar buraxdırırdı. Belə ki, Bakı ilə Batumu birləşdirən Zaqafqaziya dəmir yolunun inşası 1883-cü ildə məhz A.Rotşildin verdiyi istiqrazların sayəsində başa çatdırılmışdı. Nəticədə o, Bakının neft müəssisələrinə güzəştli sahiblik hüququ əldə etdi. Bu dəmir yolu Rusiya nefti üçün Qərbə yol açmaqla yanaşı, dünya neft bazarları uğrunda uzun (təxminən 30 il) və amansız mübarizənin təməlini qoymuşdu. Təkcə 1884-cü ildə Zaqafqaziya dəmir yolu ilə təxminən 5,6 mln. pudluq müxtəlif neft məhsulları daşınmışdı.
A.Rotşild ömrünün son günlərinədək Bakı neft biznesini öz nəzarəti altında saxlamışdı. Vəfatından sonra isə Bakı ilə bağlı işlərlə onun kiçik qardaşı baron Edmont məşğul olmağa başladı. Bakı biznesindəki əsas simalardan biri də neft müəssisələrinə, neftin və neft məhsullarının satışı və daşınmasına bilavasitə rəhbərlik edən «Rotşild qardaşları» Paris evinin baş mühəndisi Jorj Aron idi.
XIX əsrin 80–90-cı illərində Azərbaycanın neft sənayesində istehsalın təmərküzləşməsi prosesi güclənirdi: Rusiya üzrə bütün kerosinin 68%-ni(22,5 mln. pud) imperiyanın bütün zavodlarının təxminən 10%-ni təşkil edən 7 nəhəng zavod istehsal etmişdi:«Nobel qardaşları» şirkətinin zavodu– 10,7 mln., “Kaspiyskoye tovarişevstvo”– 3,5 mln., H.Z.Tağıyev – 2,4mln., Bakı neft cəmiyyəti – 1,7 mln.,A.Rotşild – 1,5 mln., M.Nağıyev – 1,5mln. və Ş.Əsədullayev – 1,2 mln.pud.
Artıq 1890-cı ildə işıqlandırma üçün istifadə edilən bütün yağın ¾ hissəsini (51 mln. pud) yalnız 13 zavod (ümumi sayın təxminən 9%-i) istehsal edirdi ki, bunun da 17,9 mln.pudu «Nobel qardaşları»nın, 4,7mln. pudu isə Rotşildin zavodunun payına düşürdü. Daxili bazarı fəth etməyə can atan A.Rotşild Volqa boyu şəhərlərdə – Nijni Novqorodda, Samarada, Saritsında, Həştərxanda,həmçinin Baltikyanı, Belorus vəPolşa kimi ölkələrdə «Xəzər – Qaradəniz cəmiyyəti»nin kontorlarını açırdı. A.Rotşildin təsis etdiyi «Mazut» ticarət-nəqliyyat cəmiyyəti buregionlara neft məhsullarını su yolu ilə daşıyırdı. 1898-ci ildə «Mazut» təkcə Xəzər dənizində 13 tankeri olan nəhəng neft ixracat birliyinə çevrilmişdi.
Qeyd etmək lazımdır ki, 1883-cü ildə Zaqafqaziya dəmir yolu salındıqdan sonra Bakı–Batum neft kəmərinin çəkilməsi ideyası ortaya çıxdı. İlk dəfə amerikalı Herbert Tvedl həm Abşeronda, həm də Qafqazda özünü təsdiqləmək məqsədilə Xəzər –Qara dəniz boru kəmərinin inşasını gerçəkləşdirməyə cəhd göstərdi.
Nefti gəmilərə yükləmək məqsədilə zavodlardan körpülərədək neft kəmərlərinin tikilməsinin zəruriliyi barədə görkəmli kimyaçı alim D.İ.Mendeleyev də yazmışdı. O,1863-cü ildən Bakı neft mədənlərinin iqtisadiyyatını və mövcud vəziyyətini öyrənirdi. 1877-ci ildə ABŞ-a gedən D.İ.Mendeleyev bu səfərinin məqsədini belə izah edirdi: «Amerikada neft işinin inkişaf səbəblərini və bu işin bizdə niyə ləngidiyini öyrənmək, bu geriləməni aradan qaldırmaq üçün nə etməyin lazım olduğunu müəyyənləşdirmək».
Bakı nefti və Abşeronda neft işinin inkişafı ilə maraqlanan D.İ.Mendeleyev (alim bir neçə dəfəBakıda olub) nəhəng sahibkarlar arasında Xəzər – Qara dəniz neft kəmərinin tikilməsinə dair kəskin fikir ayrılığından xəbər tutanda məyusluğunu gizlətməmişdi: «Əgər mən indi Bakı sənayesinə dair məsələlərlə daha məşğul olmuramsa, bunun səbəbi Bakı – Batum neft kəmərindən imtina ilə, mənim şəxsi fikrimə görə, Bakı nefti məsələsinin rus sənayesinin inkişafı baxımından arzuolunmaz istiqamətə yönəldilməsilə bağlıdır». Alim Rotşildlərin və Nobellərin Qafqazda neft işinin inkişafındakı mühüm rolunu etiraf edərək vurğulayırdı: «Bakıda yalnız iri zavod sahiblərinin texniki uğurlar qazanması mümkündür».
Neft kəmərinin tikilməsi ideyasını sənayeçilər arasında A.Rotşild, H.Z.Tağıyev, İ.P.İlimov və S.İ.Bağırov həqiqətən dəstəkləyirdilər. Belə ki,A.Rotşild bu məqsədlə Lion kredit cəmiyyətinin Peterburq şöbəsinin 4%-li daxili istiqraz kağızlarına 1mln. rubl məbləğində girov qoymuş, həmçinin tikintinin layihəsinin hazırlanması üzrə görkəmli alim mühəndis V.Q.Şuxovun işlərini də maliyyələşdirmişdi («Kaspiy» qəzeti- 1888-ci il. №155). A.Rotşild Sankt-Peterburqa yazırdı: «Mənim ümid etməyə tam əsasım var ki, bizim görmək istədiyimiz işə qoyulan kapital gəlir gətirəcək və o, ölkədə sənayevə kommersiyanın inkişafına kömək göstərəcək».
Nəticədə diametri 200 mm, uzunluğu 885 km olan və 16 nasos stansiyasından ibarət, o dövr üçün ən uzun magistral boru kəməri sayılan Bakı – Batum boru kəməri 10 il ərzində tikildi. Kəmərin rəsmi açılışı 1907-ci il iyulun 24-də baş tutdu. Qəbul üzrə hökumət komissiyası kəmərin inşasında fəal iştirakına görə Rotşildə minnətdarlıq bildirmişdi. Bu boru kəmərini xüsusi nailiyyət kimi Parisdəki Eyfel qülləsi və Rusiyadakı Transsibir dəmir yolu ilə müqayisə edirdilər.
1900-cü ilin əvvəlində «Nobelqardaşları» şirkəti ilə Rotşildin«Mazut» birliyi neft məhsullarınınsatışı üzərində nəzarəti ələ keçirmək məqsədi ilə daxili bazarda yeritdikləri ticarət siyasətini razılaşdırmaq qərarına gələrək öz aralarında kartel sazişi imzaladılar. Yəni E.Nobel və A.Rotşild Rusiya kerosininin xarici bazara ixracı sahəsində səylərini birləşdirdilər. Koordinasiya edilmiş iqtisadi siyasət aparan «Nobmazut» Nobel – Rotşild karteli var gücü ilə Qafqaz neft bazarına nüfuz etməyə cəhd göstərən «Standart oyl» Amerika sindikatına qarşı uğurla müqavimət göstərirdi. 1906-cı ilin sonlarına yaxın «Nobmazut» Rusiya imperiyasının bir çox regionlarında anbarlar tikmişdi. Təbii ki,neft məhsullarının əsas və ən geniş saxlama sistemi Bakının özündə yaradılmışdı: 1900-cü ilədək burada ümumi tutumu 276,5 mln. puda çatan təxminən iki minədək müxtəlif anbar yerləşirdi.
Amerika neft şirkətləri ilə rəqabət aparan «Consolidated Petroleum» London neft cəmiyyəti «Nobmazut»un ümumi nəzarəti altında idi. «Nobmazut» beynəlxalq bazarlarda ingilis şirkətlərinin yeganə təmsilçisi idi. 1905-ci il razılaşmasına görə, ingilis şirkətləri “Nobmazut”-un vasitəçiliyi olmadan Rusiyanın hərhansı rayonunda neft məhsullarını satmamaq öhdəliyi götürmüşdü, həmdə onlar bütün qalıq neft və kerosini Bakıdakı Nobel–Rotşild kartelinə təhvil verməli idi.
A.Rotşildin şirkəti uğurlu informasiya siyasəti qura bilmişdi. Operativ olaraq düzgün informasiya əldə edirdi. Həm Parisdə, həm də Bakıda Rotşildlərə iqtisadi və texniki hesabatlarla əsaslandırılmış dəqiq məlumatlar çatdırılırdı. Rusiyada neft sahəsindən yaxşı xəbərdar olmaq Rotşildlərin mövqeyini təkcə Abşeronda deyil, həm də bütün Qafqazda (Qroznı, Maykop), həmçinin Çələkəndə möhkəmləndirirdi. Bunun nəticəsidir ki, xarici sahibkarlar arasında Bakı neftinə ilk olaraq fransız kapitalı (A.Rotşildin simasında),sonra da ingilis kapitalı (C.Vişauvə b.) nüfuz etdi. Əgər 1883-cü ildə A.Rotşildin ilkin kapitalı 1,5 mln. rubl olmuşdusa, 1912–1913-cü illərdə bu kapital 10 mln. rublu keçmişdi.
Bir məsələ də maraq doğurur. Sovet hakimiyyəti qurulduqdan sonra «Xəzər – Qara dəniz cəmiyyəti» və «Mazut» birliyinin milliləşdirilməsi haqqında Bakı kommunasının 2 iyun1918-ci il tarixli dekretinin Rotşildlərə birbaşa ziyanı olmamışdı, çünki onlar hələ 1912-ci ildə Rusiyadakı neft müəssisələrini «Royal Datç Şell»ingilis-holland trestinə (Amerikanın«Standart oyl» sindikatının əsas rəqibinə) sataraq əvəzində «Şell» şirkətinin sanballı səhm paketini əldə etmişdilər. Rotşildlər «Şell» firmasının Parisdəki bank müəssisəsinində sahibinə çevrilmişdilər. I Dünya müharibəsinin başlayacağı barədə düzgün informasiyası olan Rotşildlər Oktyabr inqilabına bir neçə il qalmış öz mövqelərini ingilislərə güzəştə getdilər. Artıq 1912-ci ildən Bakı neft sənayesində ingilis sahibkarlar liderlik etməyə başladılar.
Rotşild müəssisələrinin rəhbərləri həmçinin şəhər gimnaziya və kommersiya məktəblərinə qəyyumluq edir, Rusiyadakı yəhudi icmalarına səxavətlə maddi yardım göstərirdilər; məsələn, Bakıda Kaspiysk (sonra -L.Şmidt, 1991-ci ildən R.Behbudov) küçəsi–12 ünvanında yerləşən sinaqoqun nəzdində dörd illik pulsuz təhsil verən kişi və qadın texniki sənət məktəbləri, həmçinin şənbə günləri axşam sinifləri (hazırda bu binadaR.Behbudov adına Mahnı Teatrıyerləşir) fəaliyyət göstərirdi.
Deyilənlərdən də aydın olur ki,Rotşild qardaşları da Nobel qardaşları kimi Azərbaycan neft sənayesinin sürətli inkişafında müsbət rol oynamışlar.
Sonda qeyd edək ki, Rotşildlər də Nobel qardaşları kimi Rusiyada xeyriyyə fəaliyyəti ilə məşğul olurdular: belə ki, onlar təkcə Bakıda– Ağ şəhərdə və Bayılda məktəb tikintisinə, həmçinin gözəl binaların inşasına böyük məbləğdə vəsait ayırmışdılar. Hazırda həmin binalardan birində – Azərbaycan Dövlət İncəsənət Muzeyi (de Burun imarəti,əvvəlcə Sadovaya, sonra – Çkalov, hazırda – Niyazi küçəsi, ev 4;1891-ci lidə mühəndis N.A. fon der Nonne tərəfindən tikilib), digərində– Respublika Baş Prokurorluğu ( Kolyubakinskaya, sonra – YefimSaratovest, hazırda – Nigar Rəfibəyil küç.–13 ünvanında «Xəzər – Qaradəniz cəmiyyəti»nin baş kontorunun binası; binanı 1899-cu ildə mülki mühəndis K.B.Skureviç inşa edib) yerləşir.