Bizim Türkiyəyə etibarımız tamdır və Türkiyədə olan bütün investisiyalarımızı və layihələrimizi davam etdirəcəyik.
APA-nın Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Fətullahçı Terror Təşkilatının (FETÖ) hərbi çevriliş cəhdinə və bundan sonra SOCAR-ın Türkiyədəki fəaliyyətinə münasibət bildirərkən qeyd edib.
Hazırkı zamanda hərbi çevrilişin qəbul olunmadığını vurğulayan R.Abdullayev yüzlərlə günahsız insanın həyatını itirdiyi son hadisələrdən təəssüf hissi keçirdiyini qeyd edib: “Türkiyə hökumətinə, xalqın iradəsinə, ölkənin iqtisadiyyatına, sabitliyinə etibarımız həmişə olduğu kimi tamdır. Prezident İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bildirdiyi kimi Azərbaycan xalqı Türkiyə xalqının yanındadır. Bu hər zaman belə olub və başqa cür də olması mümkün deyil”.
SOCAR-ın Türkiyədəki fəaliyyətinə toxunan R.Abdullayev ümumi dəyəri 18 mlrd. dolları ötən və Avropanın enerji ehtiyacını ödəməyi hədəfləyən layihələrin tam gücü ilə davam edəcəyini bildirib.
STAR Neft Emalı Zavodu 2018-ci ildə fəaliyyətə başlayacaq. Egey dənizinin ən böyük konteyner limanını bu yaxınlarda istifadəyə verəcəyik. “Petkim”dəki fəaliyyətimiz Türkiyəyə və iqtisadiyyatına olan etibarımızın simvoludur. Türkiyə bizim evimizdir, bu günə qədər olduğu kimi bundan sonra da Türkiyədəki investisiyalarımızı davam etdirəcəyik”, – deyə SOCAR prezidenti qeyd edib.