Ləğv olunan “Röyal Bank”ın direktoru Cam Fuad və atası, bankın Müşahidə Şurasının sədri Əli Cam barədə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bir neçə ildir beynəlxalq axtarışda olan “Röyal Bank”ın direktoru Cam Fuad Əli oğlu bu ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib.
Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınıb.
Bankın Müşahidə Şurasının sədri Cam Əli Məhəmmədhəsən oğluna isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub.