Ləğv olunmuş “Royal Bank”ın direktoru Fuad Cam və atası, bankın Müşahidə Şurasının sabiq sədri Əli Camla bağlı hökmdən verilmiş şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.
Hakim Zəki Babayevin sədrlik etdiyi hakimlər heyəti Fuad Camın həbs müddətini 5 il azaldılaraq 8 ilə, Əli Camın həbs müddəti isə 2 il azaldılaraq 6 ilə endirilib.
Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bir neçə il beynəlxalq axtarışda olan “Royal Bank”ın direktoru Cam Fuad Əli oğlu 2020-ci ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır.
Bankın Müşahidə Şurasının sabiq sədri Cam Əli Məhəmmədhəsən oğluna isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəmsəsinin hökmü ilə Fuad Cam 13 il, Əli Cam isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub.